İqtisadi inkişaf naziri Mingəçevirdə vətəndaşlarla görüşmüşdür
İqtisadi inkişaf naziri Şahin Mustafayev bölgənin əhatə etdiyi 9 şəhər və rayondan olan vətəndaşların müraciətlərini dinləmişdir.
Görüş zamanı nazir vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir şəxsin müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturlara tapşırıqlar vermişdir.
Yevlax, Bərdə, Ağcabədi, Ağdaş, Ucar, Göyçay, Zərdab, Beyləqan, Laçın rayonlarından və Mingəçevir şəhərindən olan sakinlərin müraciətləri dinlənilmişdir. Görüşə gələnlər əsasən güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, işə qəbul, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı istəklərini bildirmişlər.
Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilmişdir. Digər məsələlərin də obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi bildirilmişdir. İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.