31 mart Azərbaycanlıların Soyqırımı günü münasibəti ilə Mingəçevir şəhərində anım tədbiri keçirilib
30 mart 2024 | 14:07
Mingəçevir Şəhidlər Xiyabanındakı Soyqırım abidə kompleksinin qarşısında keçirilən tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının rəhbərliyi və üzvləri, Mingəçevir Bələdiyyəsinin rəhbərliyi və kollektivi, Mingəçevir Dövlət Universitetinin, Tibb Kollecinin, Turizm Kollecinin kollektivləri, media nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, birinci və ikinci Qarabağ müharibəsi veteranları, əmək veteranları, təhsil, səhiyyə, mədəniyyət, idman müəssisələrinin, idarə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə 1918-ci ildə erməni separatçılarının törətdiyi Soyqırım hadisələri zamanı həlak olan vətən övladlarının, torpaqlarımzın azad olunması və yurdumuzun ərazi bütövlüyünün təmin olunması yolunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dualar oxunub.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məruzə ilə çıxış edib. Qeyd olunub ki, son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində Azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi, mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. XIX əsrin əvvəllərindən başlayaraq erməniləri tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlamış azərbaycanlılar öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir.
Azərbaycan xalqına qarşı törədilmiş və uzun illər boyu öz siyasi hüquqi qiymətini almamış 31 mart Soyqırımı tariximizin faciəli səhifələrindən biridir. 1918-ci ildə Bakı şəhərində və Bakı quberniyasınn müxtəlif bölgələrində, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərdə erməni daşnaklarının və onların havadarlarının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım nəticəsində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscidlər, qəbiristanlıqlar yerlə yeksan edilmişdir. Düşmənin xam xəyalları, Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti, böyük Ermənistan yaratmaq xülyası məhz qan tökməklə başlayırdı. Şəhər rəhbəri 1905-ci ildə, 1918-ci ildə, 1948-53-cü illərdə törədilən hadisələrdən, günahsız insanların qətl edilməsindən və doğma ata yurdlarından deportasiya olunmasından danışaraq bu siyasətin iyirminci əsrin sonlarında 1988-ci ildən başlayaraq Qarabağ bölgəsində və ona yaxın ərazilərdə davam etdirildiyini bildirmişdir. Son otuz il ərzində bu bölgələrdə törədilən cinayət hadisələri, Xocalı Soyqırımı, Malıbəyli, Qaradağlı, Daşaltı faciələri də düşmənin başladığı soyqırımın davamı idi. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi xülyalarının reallaşdırılması planlarına yenidən başlanmış, nəticədə Dağlıq Qarabağ və ətraf rayonlardan 1 milyonadək məcburi köçkün mənfur erməni siyasətinin qurbanı olmuşdur.
Düşmənin yeritdiyi bu cür soyqırım siyasətinə dünya dövlətləri tərəfindən heç bir siyasi qiymət verilmədiyi göz qabağında idi. Bu barədə əsl həqiqət ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmış, 1998-ci ildə 26 mart tarixli «Azərbaycanlıların soyqırımı haqqında» Fərmanından sonra öz hüquqi qiymətini almışdır. O vaxtdan bəri hər il 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
İ.İsmayılov erməni şovinistlərinin torpaqlarımızda törətdikləri acı faciələr nəticəsində yüzlərlə insanın həlak olduğunu bildirərək onlara Allahdan rəhmət dilədi. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bacarıqlı siyasəti, qətiyyəti və səriştəsi sayəsində formalaşan, bazası genişlənən Milli Ordumuzun fədakarlıqlarından danışaraq 2016-ci ilin aprel hadisələrində qazanılan qələbənin 2020-ci ildə 44 günlük Vətən müharibəsində böyük Zəfərlə başa çatdığını, 2023-cü il sentyabrın 19-20-də isə 23 saatlıq lokal tipli antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, 19-20 sentyabr 2023-cü il antiterror əməliyyatı zamanı isə Xocalı, Xankəndi, Xocavənd, Əsgəran, Ağdərə yaşayış məskənləri seperatçılardan təmizləndi Ölkəmizin bütün ərazilərində suverenlik bərpa olundu. Hazırda şərqi Zəngəzur və Qarabağ ərazilərində bərpa–quruculuq işləri aparılır. Əminəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı yüksək səviyyəli işlər nəticəsində yaxın illərdə soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. Soydaşlarımızın yurd-yuvalarına qayıdığı artıq başlanılmışdır.
Bu il Novruz tonqalının cənab İlham Əliyev tərəfindən Xankəndi şəhərində yandırılması ölkəmizin bütün ərazilərdə suverenliyinin tam bərpa olunduğunu təsdiq etdi. Deyə bilərəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda şəhid olduqları torpaqramızın hər yerində Azərbaycan bayrağı dalğalanır. Bir daha soyqırım qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbir diləyir, xalqımıza səadət və tərəqqi arzulayıram.
Cənab Prezidentimizin rəhbərliyi ilə əldə edilən qələbə ilə Azərbaycan dünyaya öz gücünü bir daha nümayiş etdirdi. Xalqın birliyi, vətənpərvərliyi düşməni və onların havadarlarını cavablandırdı. Bu gün azad olunan torpaqlarımızda tikinti quruculuq işləri yüksək səviyyədə davam etdirilir.
Bu gün, 31 mart Azərbaycanlıların Soyqırımı günü münasibəti ilə anım mərasiminə toplaşmışıq. Bu cür tədbirlərin keçirilməsinin əsas məqsədi gənc nəslə tariximizi daha geniş təbliğ etmək, düşmənin məkrli siyasətini çatdırmaq, dövlətimizin qüdrətlənməsi naminə cənab Prezidentimizin ətrafında sıx birləşməkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Sonra MDU-nun baş müəllimi Mirzə Cavadov, MDU-nun dosenti Mayıl İsmayılov, 44 günlük Vətən müharibəsi veteranı, ehtiyatda olan mayor, 20 nömrəli orta məktəbin hərbi rəhrəbi Ramiz Quliyev çıxış edərək erməni separatçılarının törətdikləri cinayət hadisələrindən danışaraq hadisələr zamanı həlak olanlara Allahdan rəhmət diləmişlər.
Çıxışlardan sonra tədbir iştirakçıları Soyqırım abidə kompleksinin qarşısına gül dəstələri qoymaqla deportasiya qurbanlarının xatirəsinə ehtiramlarını bildirmişlər.