31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun Təbriki
26 dekabr 2025 | 17:19
Hörmətli mingəçevirlilər!
Əziz dostlar!
Həyatımıza işıq salan, bir-birindən gözəl və mənalı günlərimiz, aylarımız başa çatmaq üzrədir. Bir neçə gündən sonra 2025-ci il tarixə çevriləcək. Artıq iyirmi iki ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət sayəsində ölkəmiz tərəqqi yolunda irəliləyir, vətəndaşların həyat səviyyəsi yaxşılaşır, məmnunluq hissləri yüksəlir. Müstəqil Azərbaycan inkişaf edərək hər birimizin həyatında öz parlaqlığı ilə nümayiş olunur. Torpaqlarımızın azad olunması, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunması, sərvətlərimizə göz dikən xarici düşmənlərimizə layiqli cavabların verilməsi ən böyük qələbələrimizdəndir. Azərbaycan regionda söz sahibidir. Beş il əvvəl 44 günlük Vətən müharibəsində qəhrəman əsgər və zabitlərimizin şücaəti ilə, şəhidlərimizin qanı bahasına azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti-quruculuq işləri coşqu ilə davam etdirilir. Bölgədə infrastruktur layihələri həyata keçirilir, keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar, bölgədə həyat öz axarına düşür.
Başa vurduğumuz il dövlətimiz üçün əlamətdar olub. Konstitusiyamızın 30 illiyi və Vətən müharibəsində əldə olunan Zəfərin 5 illiyi münasibəti ilə Cənab Prezidentin sərəncamı ilə elan olunmuş “Konstitusiya və Suverenlik” ili çərçivəsində şəhərimizdə onlarla silsilə tədbirlər, konfrans və müşavirələr keçirilib, ağacəkmə aksiyalarında şəhərin yaşıllıq zolaqlarına minlərlə həmişəyaşıl ağac tingləri və gül kolları əkilib. Əlamətdar hadisələrdən biri də odur ki, 2025-ci il avqust ayının 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında ABŞ prezidentinin iştirakı ilə Sülh müqaviləsinin paraflanması nəticəsində uzun illərdən sonra iki qonşu dövlət arasındakı münaqişəyə son qoyulur.
Əziz dostlar! 2025-ci il bütövlükdə respublikamız üçün, eləcə də mingəçevirlilər üçün uğurlu illərdən biri olub. Bu il ölkə Prezidentinin Mingəçevirə gəlişi və “Azərbaycan İES” MMC ərazisində “8 Noyabr” stansiyasının açılışını etməsi şəhərimizə yeni bir ərməğan oldu. Bu gün ölkə Prezidenti İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Mingəçevir inkişaf yolundadır, hüsnünə yeniliklər əlavə edilir. Bu inkişaf şəhərin bütün ərazilərində hiss olunur. Şəhərin sağ və sol sahillərində, “Energetiklər”, “Tərəvəzçilik”, “Mingəçevir kəndi”, “Bağlar” yaşayış massivlərində aparılan işlər vətəndaşların razılığı ilə qarşılanır. İcra Hakimiyyətinə daxil olan məktub və teleqramlar, telefon zəngləri, sakinlərlə keçirilən səyyar görüşlər bunu bir daha təsdiq edir. İcra Hakimiyyəti olaraq vətəndaşlarla görüşlərə, səmimi söhbətlərə, qaldırılan problemlərin yerinə yetirilməsinə üstünlük veririk. Məqsədimiz vətəndaşların istəklərinə uyğun olaraq müraciətlərinin həllinə nail olmaq, məmnunluq hisslərini artırmaq, mənalı istirahətləri üçün şəraiti yaxşılaşdırmaqdır.
İl ərzində İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq abadlaşdırılması nəzərdə tutulan ərazilərdə əsaslı təmir, bərpa-quruculuq işləri aparılmış, 600-ə yaxın yeni işıq nöqtələri quraşdırılmış, 22 küçə və 5 döngədə yollara asfalt örtüyü döşənmişdir. Kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilir. 36 yaşayış binasında əsaslı təmir işləri aparılıb, “Energetiklər” yaşayış massivində Milli Qəhrəman Natiq Qasımov adına mini park vətəndaşların istifadəsinə verilib. 20 Yanvar və Puşkin küçələrinin aralığında Heydər Əliyev Prospektinin sağ və sol tərəfindəki xiyabanlarda yenidənqurma və 6 məhəllənin abadlaşdırılması işləri davam etdirilir.
Aparılan işlər şəhər sakinləri tərəfindən rəğbətlə qarşılanır. Bu cür qarşılıqlı əlaqələrin nəticəsidir ki, Mingəçevirdə qaz, su, işıq problemləri demək olar ki, tamamilə aradan qaldırılıb. Qarşıda bizi yeni-yeni vəzifələr gözləyir. 2026-cı ildə də abadlıq-quruculuq işlərinin yeni çərçivədə davam etdirilməsinə, yaşayış binalarının əsaslı təmirinə, yeni nümunəvi məhəllələrin yaradılmasına, əhalinin istək və arzularına uyğun olaraq yeni iş yerlərinin açılmasına nail olmağa çalışacağıq. Əminliklə bildirirəm ki, qarşılıqlı əməkdaşlıq sayəsində bu vəzifələrin öhdəsindən layiqincə gələcək, gözəl şəhərimizin hüsnünə yeniliklər əlavə edəcəyik.
Noyabr ayının 11-də 77 yaşını böyük təntənə ilə qeyd etdiyimiz Mingəçeviri inkişaf etdirib daha da gözəlləşdirmək bizim borcumuzdur.
Əziz mingəçevirlilər və şəhərimizin qonaqları!
Sizi “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramları münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, xoşbəxt həyat və şəhərimizin inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram. Qoy 2026-cı il həyatımızda daha böyük uğurlara yol açsın!
Bayramınız mübarək!
İlham İsmayılov,
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru