Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə rəsmi səfəri başa çatıb. Sənaye və səhiyyənin inkişafında İsrail təcrübəsindən istifadə olunacaq.

09 yanvar 2018 | 16:00

            Bu ilin 2-7 yanvar tarixlərində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi  rəsmi nümayəndə heyəti İsrailə rəsmi səfər edib. Səfərdə əsas məqsəd qardaşlaşmış şəhərlər olan İsrailin Afula şəhəri ilə Mingəçevir şəhəri arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan nümayəndə heyətinin İsrailə səfəri hər iki ölkənin xarici işlər nazirliklərinin dəstəyi və “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə baş tutmuşdur.
        Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinə başçının müavinləri - Əli Qəniyev və Hikmət Kərimov, həmçinin, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov da daxil idilər. Eyni zamanda “Azİz” Assosiasiyasının Azərbaycandakı nümayəndəsi Vahid Bayramov səfər boyu Azərbaycan nümayəndə heyətini müşayət edib.
       Səfərin ilk günü mingəçevirli rəsmilər Heydər Əliyev Fondunun dəstəyi ilə uzun illərdir İsrailin Afula şəhərində fəaliyyət göstərən “Azİz” Azərbaycan mədəniyyət mərkəzinin qonağı olublar. Mədəniyyət mərkəzində “Azərbaycan israillilərin gözü ilə” adlı foto-sərgiyə baxış keçirildikdən sonra nümayəndə heyəti Azərbaycan şairi Əliağa Vahidə həsr olunmuş ədəbi-bədii kompozisiyanın tamaşasına qatılıblar.
          Tədbirdə çıxış edən Afula şəhərinin vitse-meri Mixail Barkan azərbaycanlı qonaqları şəhər rəhbəri İshaq Miron adından salamlayıb və bu səfərin iki şəhərin münasibətlərinin inkişafına öz töhvəsini verəcəyinə əmin olduğunu bildirib. Daha sonra çıxış üçün söz alan Azərbaycan Mədəniyyət mərkəzinin direktoru Yeganə Salman Heydər Əliyev Fondu və Afula şəhərinin rəhbərliyinə onlara göstərilən dəstəyə görə minnətdarlığını bildirib və azərbaycanlı qonaqları salamlayıb.
      Yeganə Salman Əliağa Vahidin həyat və yaradıcılığı haqqında danışarkən şairin özündən sonra qoyduğu bədii irsin zənginliyindən, onun əsərlərində aşılanan yüksək bəşəri-əxlaqi dəyərlərdən, bu dəyərlərin təbliğinin xalqın mədəni inkişafındakı rolundan söz açıb.  Azərbaycan və İsrailin Yazıçılar İttifaqının üzvləri Vaqif Əliyev və şair Batsion Abramova çıxışları zamanı Əliağa Vahidin təkrarolunmaz, unikal istedadından danışmış, Azərbaycanlı şairin pərəstişkarları Sima Muşailova ilə Senya Rabayev isə şairin  şeirlərini səsləndirdilər. İsrail Yazıçılar Birliyinin Üzvü Mixail Salman Vahidə həsr etdiyi şeiri dilə gətirərək şairin yaradıcılığına olan bağlılığını ifadə edib.  Tədbirdə Əliağa Vahidin öz səsi ilə dediyi qəzəllər, həmçinin onun sözlərinə yazılmş mahnilar, məhşur Azərbaycan xanəndələrinin ifasında dinlənildi. İsraildə məhşur olan Mehman Quliyev və Zaur Quliyevin meyxana janrındakı çıxışları tədbirə xüsusi canlılıq qatdı.
     Azərbaycan nümayəndə heyətinin rəhbəri Niyazi Bayramov qonaqpərliyə və Afula şəhərinə dəvətə görə bu şəhərin rəhbərliyinə təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan və İsrail dövlətlərinin rəhbərlərinin səyləri nəticəsində iki ölkə arasında əməkdaşlıq günü-gündən inkişaf edir. İsrailin müxtəlif sahələrdə olan təcrübəsindən faydalnmağın zəruriliyini vurğulayan Niyazi Bayramov Mingəçevirdə son illər sürətlə inkişaf edən sənayə, səhiyyə və şəhərsalma sahələrində Afulanın təcrübəsindən istifadə olunacağını, qarşılıqlı səfərlərin hər iki şəhərin inkişafında xüsusi iz qoyacağını bildirib. Bundan əlavə Mingəçevirin başçısı İsraildə Azərbaycan mədəniyyətinə olan diqqətdən məmnunluğunu ifadə edərək, dahi şair Əliağa Vahidin dərin irsinin təbliğinin mədəniyyətlərarası inteqrasiyada rolundan söz açıb.
       Səfərin ikinci günü sənaye zonalarına baxışla başlayıb. Mingəçevirin  nümayəndə heyəti Afulanın vitse-meri Mixail Barkanın müşayəti ilə Alon İsrael sənayə  zonasını ziyarət etmiş, burada “Tosaf” və “Pazkar” müəssisələrinin fəaliyyəti ilə tanış olmuşlar. Həmin müəssisələrin rəhbərliyi ilə keçirilən görüş zamanı Niyazi Bayramov Mingəçevir şəhərində yaxın vaxtlarda Texnoloji Parkın fəaliyyətə başyacağı barədə ətraflı məlumat vermiş və bu şirkətlərin filiallarının Mingəçevir Texnoloji Parkında açılması, onların məhsullarının Mingəçevirdə istehsalının təşkil olunmasını təklif etmişdir. Mingəçevir rəhbərinin təklifi maraqla qarşılanmış və ətraflı müzakirə olunmuşdur.
      Elə həmin gün nümayəndə heyəti dünyaca məşhur olan A-Emek Beynəlxalq xəstəxanasının rəhbərliyi ilə görüşmüş, icbari sığortanın tətbiqi şəraitində vətəndaşlara tibbi xidmətin səviyyəsinin yüksəldilməsi yolları ilə bağlı müzakirələr aparılmışdır. Müzakirə zamanı Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mingəçevirli həkimlərin İsrailin A-Emek mərkəzinin bazasında təcrübə keçmələrinin həkimlərin peşəkarlıq səviyyələrinin daha da yüksəlməsinə, vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin artmasına müsbət təsir göstərəcəyini bildirib. Mingəçevir mərkəzi xəstəxanasının direktoru Könül Ələkbərov öz növbəsində mingəçevirli həkimlərin İsraildə təcrübə keçməsinin faydalı olacağını vurğulayıb.
Mingəçevir şəhərinin rəhbəri Niyazi Bayramovun Afula şəhərinin rəhbəri İshaq Miron ilə görüşü şəhər meriyasının binasında baş tutub. Qardaşlaşmış şəhərlərin rəhbərləri görüş zamanı qarşılıqlı səfərlərin əməkdaşlıq baxımından faydalarından söz açmış və ikitərəfli münasibətlərin daha da dərinləşməsinin hər iki şəhərin inkişafına müsbət təsir edəcəyini vurğulayıblar. Görüşdə Afulanın vitse-meri Mixail Barkan, Afula Bələdiyyəsinin İqtisadi şirkətinin direktoru Tomer Xadad və “Azİz” təşkilatının nümayəndəsi Vahid Bayramov  da iştirak ediblər. 
      Mingəçevir nümayəndə heyəti Tirat-Karmel şəhərini də bu şəhərin rəhbərliyinin dəvəti ilə ziyarət ediblər. Tirat-Karmel şəhər bələdiyyəsinin binasında şəhər rəhbəri Arye Tal, Bələdiyyənin baş direktoru Şmuel Katoni, maliyyə direktoru Gersel Reqev və şəhər şurasının deputatı Aviran Mişiyev ilə görüş  keçirilmişdir. Görüşdə qonaqlara şəhərin tarixi haqqında məlumat verilmiş və şəhərin tikinti perspektivləri barədə söhbət açılmışdır. Qeyd etmək lazımdır ki, Tirat-Karmel şəhəri ilə  Azərbaycanın Şamaxı şəhəri qardaşlaşmış şəhərlərdir.
       Bundan sonra 15 ildir ki, fəaliyyət göstərən Beyt-Talxun sinaqoquna ziyarət təşkil olunmuşdur. Burada Mingəçevir nümayəndə heyətini ravvin Yuda Yakubov qarşılamış və sinaqoqun tarixi barədə məlumat vermişdir. Maraqlıdır ki, ravvin Yuda çıxışının əsas hissəsini Azərbaycan dilində etmişdir. Belə ki, o,  Azərbaycanda doğulub boya-başa çatmış və bu dili öz doğma dili kimi mənimsəmişdir. Sinaqoqu ziyarətdən sonra nümayəndə heyətinin üzvlərinə tarixi tikililərlə yanaşı müasir binalar da göstərilmiş, yaxın vaxtlarda şəhər əhalisinin 4 dəfə artmasına şərait yaradacaq yeni tikilən yaşayış massivləri nümayiş olunmuşdur.

 

 

 

 

 

Keçidlər