Mingəçevir Turizm Kollecində “Döyüşən şəhər “sənədli filmilnin təqdimat mərasimi keçirilib
Mingəçevir Turizm Kollecində İstedadlı fotomüxbir, “Mingəçevir” qəzetinin əməkdaşı İslam Şirinovun əsərləri əsasında ərsəyə gəlmiş “Döyüşən şəhər” sənədli filminin təqdimat mərasimi yüksək ictimai maraq doğurub. Qeyd etmək lazımdır ki, filmdə müəllifin Qarabağ münaqişəsinin başladığı dönəmlərdən etibarən döyüşlərin intensivləşdiyi sonrakı mərhələlərin də yer aldığı dəyərli materiallar və arxiv sənədləri öz əksini tapıb.
Təqdimat mərasimini açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov filmlə ilkin tanışlıq əsasında zəngin təəssüratlar aldığını qeyd edib. Dəyərli elm adamı filmi hər mənada yüksək qiymətləndirdiyini bildirib:
“Bəri başdan filmin ərsəyə gəlməsində əməyi olan bütün yaradıcı heyəti təbrik edib yeni uğurlar arzulayıram. Qarabağ məsələsi xalqımızın yaralı yeridir. İndiyədək bu mövzuya dəfələrlə toxunulub və gələcəkdə də saysız –hesabsız sənət nümunələrinin ortaya çıxacağına heç birimizin şübhəsi yoxdur. Amma, səmimiyyətlə etiraf etməliyəm ki, bu film tamamilə yeni üslubda düşünülüb və lentə alınıb, süjet xətti özünəməxsusluğu ilə diqqəti cəlb edir. Üstəlik hadisələrə kompleks yanaşma tərzi mövcuddur. Belə ki, Qarabağ münaqişəsi, Mingəçevirlilərin bu hadisələrdə fəal iştirakı, torpqalarımızın müdafiəsində ortaya qoyduğu fədakarlıq, hətta arxa cəbhə qismində Mingəçevirlilərin vətənpərvər davranışları və umumən dövrün ictimai-siyasi axarı dolğun şəkildə öz əksini tapıb. Bu isə filmi daha da cəlb edici edir. Filmdə nümayiş olunan dəyərli fotolar sanki dil açıb danışır, böyük bir tarixi dönəm haqqında o günlərdən bu günlərə informasiya ötürür. Əlbəttə ki, həmin fotoların müəllifi olan istedadlı və təcrübəli müəllif İslam Şirinovun ustalığı yalnız alqışa layiqdir və mən onu kollektivimiz adından alqışlayıram.”
Daha sonra söz alan Mingəçevir qəzetinin redaktoru Mirsədi Daşdəmirov səmimi sözlər söylədiyi və təqdimat mərasiminə ev sahibliyi etdiyi üçün professor Əyyub Əyyubovun timsalında kollektivin ünvanına ən xoş sözlərini çatdırıb. O eyni zamanda filmin çəkilş prosesi ilə bağlı ətaraflı məlumat verib.
Ardınca çıxış edən müəllif İslam Şirinov ən xoş arzularını paylaşıb. O vətəndaşlıq mövqeyindən çıxış edərək belə bir əsər yaratmaq qərarına gəldiklərini söyləyib. İslam Şirinov həm də istifadə olunan fotoların çəkilş prosesində vaxtilə rastlaşdığı hadisələrdən, Azərbaycan ordusunun şahidi olduğu qəhramanlıq savaşından, Mingəçevirli igidlərinin döyüşlərdə göstərdiyi şücaətdən söz açıb.
Bundan sonra “ Döyüşən şəhər” sənədli filminə baxış keçirilib. 35 dəqiqə sürən film ərzində iştirakçılar üzüntülü və qürüverici təəssüratların ağuşunda qalıb. Başa çatan filmi sürəkli alqışlar müşayət edib.
Sonda filmin yaradıcı heyəti ilə iştirakçılar arsında maraqlı fikir mübadiləsi aparılıb. Tədbirdə həmçinin “Mingəçevir” qəzetinin 6 əməkdaşı iştirak edib. Professor Əyyub Əyyubov yaradıcı heyətin geniş tərkibdə kollecdə keçirilən təqdimat mərasiminə qatılmasını təqdirəlayiq hal kimi dəyərləndirib və bu cür görüşlərin hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.