Dövlət-din münasibətlərinə baxış
Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunada seminar-müşavirə keçirilib. Dini icma sədrləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov Mingəçevirdəki dini durum barədə ümumi məlumat verib. O, şəhərimizdə həyata keçirilən dini maarifləndirmə tədbirlərindən, eyni zamanda, dini icmaların fəaliyyəti üçün yaradılan şəraitdən danışıb. Tədbirin qonağı olan AR DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək son dövrlərdə Azərbaycanda ateizm və mövhumat arasında ən doğru orta yolun formalaşdığını qeyd edib və bildirib ki, dövlət-din münasibətlərinin başlıca məqsədlərindən biri ölkədə mövcud olan tolerantlığın qorunması, müxtəlif dini konfessiyalara mənsub dini icmaların öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirməsidir.