30 mart 2023-cü il tarixində Mingəçevir Şəhər İcra Hakimiyyətində təcrübə keçən könüllülərə sertifikat verilib.
30 mart 2023 | 12:19
Mingəçevir şəhər könüllülər qrupunda fəaliyyətə qoşulmuş və könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tərəfindən sertifikatlar təqdim edilib. Qeyd edək ki, Mingəçevir Şəhər İcra Hakimiyyətində könüllülük fəaliyyətinə 2019-cu ilin aprel ayından başlanılıb. Görüşdə şəhər rəhbəri könüllü gəncləri təbrik edərək, könüllülük hərəkatının əhəmiyyətindən danışıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdirildiyini, Azərbaycan gənclərinin Respublika Prezidenti ətrafında sıx birləşdiyini qeyd edərək, ölkə ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğunu vurğulayıb. Görüşdə çıxış edən könüllülər gənclər üçün yaradılan şəraitə, onlara göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.Təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, Mingəşevir Şəhər İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər. Sonda könüllülərə sertifikatlar verilib, xatirə şəkli çəkdirilib.