30 iyun tarixində Mingəçevir Dövlət Universitetində 2025/2026-cı tədris ili üzrə “Məzun Günü” tədbiri keçirilib.
02 iyul 2026 | 12:52
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova, şəhid ailələrinin üzvləri, veteranlar, Mingəçevir şəhərinin hüquq-mühafizə orqanlarının, nümayəndələri, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin, Mingəçevir şəhər Təhsil Sektorunun rəhbərliyi, ümumtəhsil məktəblərinin direktorları, media nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbə və magistrantlar, məzunlar və onların valideynləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin universitetin əsas tədris binası qarşısında ucaldılmış büstü önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar. “Məzun Günü” Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov , Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova çıxış edərək məzunları, onların valideynlərini və universitet kollektivini təbrik ediblər. Son olaraq, Türkiyənin Gümüşhane Universitetinin rektoru Prof. Dr. Oktay Yıldızın Mingəçevir Dövlət Universitetinin məzunlarına ünvanladığı təbrik videosu nümayiş etdirilib. Rəsmi çıxışlardan sonra tədbir məzunların təltif edilməsi mərasimi ilə davam edib.
Təltif mərasimindən sonra “Məzun Günü” bədii hissə ilə davam edib. Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə Mingəçevir Dövlət Universitetində bakalavriat təhsil səviyyəsi üzrə 940 nəfər, magistratura təhsil səviyyəsi üzrə 137 nəfər olmaqla, ümumilikdə 1077 nəfər məzun olub.