28 may - Müstəqillik günü münasibətilə Mingəçevirdə elmi-nəzəri konfrans keçirildi
28 may 2024 | 10:25
Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı ilə birgə keçirilən tədbirdə iştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Heydər Əliyev Mərkəzində hazırlanmış müstəqilliyə aid sərgiyə baxış keçirilib. Tədbirin əvvəlində müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların və Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının tarixi nailiyyətidir” mövzusunda filmin nümayişi maraqla qarşılanıb.
Elmi-nəzəri konfransı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq tariximizin dövlətçilik salnaməsində özünəməxsus yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının iyirminci əsrin əvvəllərində dünyada gedən ictimai-siyasi proseslərin bir hissəsi olduğunu qeyd edib. Qeyd olunub ki, o dövrdə Azərbaycan xalqı yeni bir formada dövlətçilik qurmaqla Şərqlə Qərbin sivilizasiyasına yeni bir dövlət modeli vermiş, ilk qərarı ilə milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən Xalq Cümhuriyyətinin yaranmasını elan etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olduğu 23 ay müddətində çox işlər həyata keçirilmişdir. 1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini bərpa etdi, cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək tarixi varislik üzərində öz dövlətini yaratdı. Ulu öndər Heydər Əliyevin dediyi kimi: «Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəylinin və Əhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üç rəngli bayrağını və gerbini bərpa etdi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir. Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün respublika, onun varisidir, bütün xalq onun varisidir». Ötən əsrin sonlarında müstəqilliyimizin yenidən bərpa olunması heç asan olmayıb. Hakimiyyət uğrunda çəkişmələr, Ermənistanın torpaqlarımıza təcavüzü, cəbhədəki uğursuzluqlar, daxildə mövcud olan separatçılıq meyllərinin güclənməsi, xaos, böhran dövlətçiliyin məhvinə doğru gedən prosesi daha da sürətləndirirdi. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, dəmir iradə ilə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Bu isə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması demək idi. Ulu Öndərin apardığı ardıcıl, dönməz siyasət nəticəsində dövlətçiliyin təməl prinsipləri yaradılaraq möhkəmləndirildi, müstəqil Azərbaycan dünya birliyinin tam hüquqlu üzvünə çevrildi. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikası Dövlət müstəqilliyinin elan olunmasını nəzərə alaraq 2021-ci il oktyabr ayının 15-də May ayının 28-nin Müstəqillik Günü elan olunması haqqında qanun qəbul etmişdir. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il keçir. Bu böyük bayram münasibəti ilə hər birinizi təbrik edir, cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməklə dövlətimizin inkişafında töhfələr verməyi arzu edirəm.
Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi müstəqilliyə gedən yolun başlanğıcıdır”, Mingəçevir Dövlət Universitetinin baş müəllimi Aygün Qədirova “Ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti müstəqilliyimizin bərpasına xidmət etmişdir”, Mingəçevir Turizm Kollecinin tarix müəllimi Nuridə Zülfüqarova “Azərbaycanda dövlət müstəqilliyinin dönməz və əbədi olması Ulu öndərin adı və fəaliyyəti ilə bağlıdır”, Mingəçevir Tibb Kollecinin müəllimi Kəmalə Hüseynova “Müasir müstəqil Azərbaycanın uğurları Ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin davamıdır” mövzularında məruzələrlə çıxış etmişlər. Çıxışlarda Ulu öndərin xalqımıza bəxş etdiyi müstəqilliyimizin əbədi, sarsılmaz və dönməz olduğu qeyd olunub.