Mingəçevir Turizm Kollecində “Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli-mənəvi sərvətlərindəndir” mövzusunda konfrans keçirilib
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Mingəçevir Turizm Kollecinin kollektivi tərəfindən silsilə bayram tədbirləri ilə qeyd olunub. Müxtəlif müsabiqələr, idman turnirləri və intelektual bilk yarışmaları pedaqoq və tələbələrin vətənpərvər duyğularının daha da güclənməsinə xidmət edib. Tədbirin ardınca kollec “Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli-mənəvi sərvətlərindəndir” adlı elmi-nəzəri konfransa ev sahibliyi edib.
Öncə konfrans iştirakçıları kollecin foyesində təşkil olunmuş və Bayraq Gününə həsr olunmuş tələbələrin əl işlərindən ibarət Sərgiyə baxış keçirib. Ardınca Dövət Himninin canlı ifası ilə konfrans öz işinə başlayıb.
Konfransda bayram təbriklərini paylaşan Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Azərbaycan Respublikasının üç rəngli Dövlət Bayrağının Azərbaycan Demokratik Cumhuriyyəti dönəmindən üzü bəri keçdiyi şərəfli tarixi yola dair elmi baxışlarını açıqlayıb. Azərbaycanın son azadlıq mücadiləsi tarixinə nəzər salan professor ulu öndər Heydər Əliyevin bayraq sevgisindən ətraflı söhbət açıb. Məhz ümummilli lider tərəfindən üç rəngli Azərbaycan Bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasının rəsmi Dövlət Bayrağı olaraq qaldırılmasına nail olunduğunu xatırladaraq dahi şəxsiyyət Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir, dönməzdir” kəlamından sitat gətirib. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə paytaxtında və bölgələrdə salınan möhtəşəm Bayraq Meydanlarını prezidentin və Azərbaycan xalqının dövlətçiliyə sədaqət nümunəsi olaraq dəyərləndirib.
Ardınca Azərbaycan Respublikasının Dövlət Bayrağına həsr olunmuş video-çarxa baxış keçirilib.
Daha sonra konfransda digər məzmunlu məruzələr dinlənilib. Pedaqoq Məleykə Vəlimməmədova, tələbələr Sevinc Ağayeva və Rəsul Hüseynov müvafiq olaraq “Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli-mənəvi sərvətlərindəndir”, “Bayrağımız qürur mənbəyimizdir” və “Bayrağımız müstəqilliyimizin və milli mənsubiyyətimizin rəmzidir” mövzularında çıxış edib.
Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən təqdim olunan ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Konfransa yekun vuran professor Əyyub Əyyubov Azərbaycan tarixinin daha dərindən tədris olunmasının, dövlətçilik rəmzlərinin və ənənələrinin xüsusilə də gənclər arasında daim təbliğ və təşviq edilməsinin vacib vəzifə olduğunu bilirib:
“Tariximiz, Bayrağımız, Himnimiz və digər dəyərlərimiz milli kimliyimizin göstəricisidir. Biz bu dəyərlərə hər zaman canımız və qanımızla bağlı qalmalıyiq. Xoşbəxt xalqıq ki, azad dövlətimiz və dövlətçilik rəmzlərimiz var. Ən böyük arzumuz üç rəngli Dövlət Bayrağımızın işğal altında olan torpaqlarımızda dalğalanmasına nail olmaqdır. İnanırıq ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu arzumuz yaxın vaxtda arzudan gerçəkliyə çevriləcək.”