26 fevral Mingəçevirdə Xocalı soyqırımının 34-cü ildönümü münasibəti ilə tədbir keçirilib
26 fevral 2026 | 16:41
Fevralın 26-da şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbir öncəsi şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın əməkdaşları, məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, YAP şəhər təşkilatının, Bələdiyyənin rəhbərliyi və üzvləri, xocalılar, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin nümayəndələri, qazilər Şəhidlər Xiyabanında Soyqırım abidə kompleksinin qarşısına gül dəstələri qoyaraq faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunub.
Şəhər İcra Hakimiyyətinin inzibati binasında davam etdirilən tədbirdə Xocalı soyqırımı zamanı və torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Çıxış edən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirdi ki, xalqımızın qan yaddaşına ağır faciə kimi yazılan Xocalı soyqırımından 34 il keçir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Tarixə nəzər salan şəhər rəhbəri 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə erməni silahlıları və Rusiyanın 366-cı moto-atıcı alayının iştirakı ilə əliyalın Xocalı əhalisinə qarşı soyqırımından bəhs edib. Faciə zamanı qətlə yetirilmiş 613 sakinin 63-nün uşaq, 106-nın qadın, 70-nin qocalar olduğunu, 8 ailənin tamamilə məhv edildiyini bir daha xatırladıb.
Xocalı faciəsinə ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən 24 fevral 1994-cü il tarixdə siyasi qiymət verildiyi və dünya ictimaiyyətinin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması istiqamətində işlər görüldüyü diqqətə çatdırılıb. Ümummilli liderin dediyi «Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır» fikirlərini xartırladaraq 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən verilmiş qərarla 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” kimi elan edildiyi yada salınıb. Hər il fevral ayının 26-da saat 17:00-da Xocalı şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilir.
Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin xocalılara və bütün məcburi köçkünlərə diqqət və qayğısından söz açılıb. Mingəçevir şəhərində 88 ailə, 332 nəfər xocalılara göstərilən qayğıdan danışılıb. Birinci vitse Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə, Heydər Əliyev Fondunun rəhbərliyi ilə ayrı-ayrı ölkələrdə Xocalı faciəsi ilə bağlı tədbirlər həyata keçirildiyi, dünyanın bir çox ölkələrində Xocalı soyqırımının tanınması barədə qətnamələr qəbul edildiyi qeyd olunub.
İlham İsmayılov cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarımızın Şanlı ordumuzun qalibiyyəti ilə azad olunduğunu, sərhədlərimizin bərpa edildiyini və 2020- ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil olduğunu fərəhlə qeyd edib:- 2023-cü ilin 19 sentyabr tarixində Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Qarabağ iqtisadi rayonunun sülhməramlıların nəzarəti altında olan ərazilərdə antiterror əməliyyatı keçirildi. 23 saat 43 dəqiqə ərzində 90-a yaxın strateji əhəmiyyətli ərazilər nəzarətə götürüldü. Antiterror əməliyyatlarından sonra bütün Qarabağ torpağı seperatçılardan təmizləndi, suverenliyimiz tam bərpa olundu. 15 oktyabr 2023-cü il tarixdə ölkə Prezidenti İlham Əliyev tərəfindən Xocalı şəhərində Azərbaycan bayrağı ucaldıldı. Artıq bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. 2024- cü ildə Xocalı şəhərində, 2025-ci ildə isə Ballıca kəndində sakinlərlə görüşən ölkə Prezidenti cənab İlham Əliyev tezliklə bütün sakinlərin öz yurdlarında məskunlaşacağını qeyd etmişdir. Bu işlər yüksək sürətlə həyata keçirilir. Mingəçevirdən bu günə qədər 7 ailə- 30 nəfər Xocalı rayonuna köçüb. Xocalılar öz yurd-yuvalarına sevinclə qayıdırlar. Əminliklə qeyd etmək olar ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalı rayonu yüksək səviyyədə bərpa olunacaq, bütün xocalılar yaxın zamanlarda orada məskunlaşacaqlar.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Zahir Usubov, Xocalı sakini Şahmalı Quliyev, YAP Şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev, “Şəhid Ailələrini Müdafiə Cəmiyyəti”nin Mingəçevir şəhər şöbəsinin sədri İranə Həsənova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İB-in şəhər filialının sədri Əlağa Bəndəliyev çıxış edərək faciənin baş vermə səbəblərindən, uzun illərdən sonra Ali baş Komandanın rəhbərliyi, əsgər və zabitlərimizin şücaəti ilə torpaqlarımızın azad olunmasından danışaraq bütün şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Sonda Xocalı şəhid ailələrinə ərzaq bağlaması verilib.