Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində “Region gənclərinin intellekt akademiyası” adlı layihəyə start verilib

21 oktyabr 2017 | 16:00

        21 və 22 oktyabr 2017-ci il tarixlərində “İşıqlı Gələcək” Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə Gənclər Evində “Region gənclərinin intellekt akademiyası” adlı layihə çərçivəsində  intellektual yarış keçirmişdir.
       Tədbiri giriş sözü ilə açan “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimov layihənin məhz Gənclər Evində keçirilməsindən məmnun olduğunu bildirdi. Tural Kərimov bu cür intellektual yarışların şəhər gəncliyinin inkişafında böyük rol oynadığı və  mütəmadi olaraq bu tipli tədbirlərin təşkil edildiyini vurğuladı. Direktor daha sonra  finala gedən yolda iştirakçılara uğurlar arzuladı. 
       İlk iki yarış günündə Mingəçevir Dövlət Universitetində təhsil alan  tələbə gənclər öz bilik və dünyagörüşlərini yoxlayıb. Layihənin formatına uyğun olaraq Mingəçevir Dövlət Universitetində təhsil alan region gəncləri 8 komandadan ibarət olmaqla  öncə “Nə? Harada? Nə zaman?” (NHN),  daha sonra isə xəmsə intellektual yarışında özlərini sınayıblar.
      Gərgin keçən yarışların nəticəsi olaraq universitetin 16 komandasından  “İOS11”, “Qarabağ”, “Light City” və “İslam”  komandaları topladıqları xallara uyğun olaraq yarışın final mərhələsinə vəsiqə qazanıb.
        Layihənin davamı olaraq, növbəti turlarda 28 və 29 oktyabr tarixlərində isə müvafiq olaraq Mingəçevir Tibb Kolleci və Mingəçevir Turizm Kollecində təhsil alan tələbələr üçün, həmçinin 4 noyabr tarixində isə müxtəlif kateqoriyalardan olan  şəhər gəncləri üçün “NHN” və “Xəmsə” formatında intellektual yarışlar təşkil ediləcək.
       Layihənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ilə  təsdiq edilən gənclərin inkişafı üzrə istiqamətlərə uyğun olaraq region gənclərinin intellektual oyunlara marağını artırmaq, bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin asudə vaxtlarının səmərəli təşkil etməkdir.
        Yarışların final mərhələsi Mingəçevir şəhərinin 69 illiyi ərəfəsində,   şəhər ictimaiətinin iştirakı ilə keçirilməsi planlaşdırılır.

Keçidlər