Başçı Mingəçevirli gənclərlə görüşüb
Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin fəal gəncləri ilə görüş keçirib. Tədbirdə çıxış edən başçı əvvəlcə gəncləri qarşıdan gələn Gənclər günü münasibəti ilə təbrik edib və bildirib ki, gənclik gözəllik, yeni sabahlara işıqlı bir yoldur. Başçı öz çıxışında ulu öndərin gəncliyə göstərdiyi diqqət və qayğıdan danışdı. Bildirdi ki, gənclər siyasəti Heydər Əliyevin fəaliyyətində əsas yerlərdən birini tuturdu. Gənclərin inkişafı ulu öndərin ən çox diqqət yetirdiyi sahələrdən biri idi. Çünki gənclər cəmiyyətin ən fəal hissəsi sağlam ideyaların daşıyıcısıdırlar. Onun diqqət və qayğısı nəticəsində bu istiqamətdə xeyli işlər görülmüş, xüsusi proqramlar qəbul edilmiş, mühüm addımlar atılmışdır. Hazırda Azərbaycan Respublikasının prezidenti cənab İ.Əliyev bu siyasəti davam etdirir. Tədbirdə iştirak edən şəhər gənclərinin nümayəndələri çıxış ediblər. Niyazi Bayramov tədbirin sonunda şəhərdə aparılan abadlıq-quruculuq işləri - Heydər Əliyev Mərkəzinin, Gənclər evinin tikintisi, “Dostluq” parkının yenidən qurulması barədə gəncləri məlumatlandırdı. Eləcə də gənclər “Dostluq” parkının eskiz layihəsi ilə tanış oldular.
Gənclər günü şəhərin “Kür” otelində bədii-əyləncəli tədbirlə davam etdirildi.