Şriftin ölçüsü :

Saytın rəngi :

22.02.2023-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü oldu.

22 fevral 2023 | 17:20

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü fevral ayının 22-də 7 nömrəli tam orta məktəbin akt zalında oldu. Görüşə D.Əliyeva, H.Aslanov H.Əliyev küçələrindəki yaşayış binalarının sakinləri, şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri dəvət olunmuşdular. Görüşdə Mingəçevir şəhər Polis şöbəsinin rəisi Ədalət Əliyev də iştirak edirdi. Görüşü açaraq iştirakçıları salamlayan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkəmizin bütün regionlarında həyata keçirilən tikinti-quruculuq işlərinin sürətləndirildiyindən danışaraq qeyd etdi ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə azad olunan torpaqlarımızda reallaşan quruculuq işləri sürətlə davam edir. Keçmiş məcburi köçkünlər hər zaman dövlət qayğısı ilə əhatə olunub. Bu insanların doğma yurd yerlərinə qayıtmaları üçün, həm də bölgədə həyatın yenidən bərpası üçün möhtəşəm layihələr həyata keçirilir. Ölkəmizdə elektroenergetikanın yüksək sürətlə inkişafını təmin etmək məqsədi ilə Mingəçevir şəhərində yeni İstilik Elektrik Stansyasının qurulmasına başlanıldığını dedi və fevral ayının 13-də “Gülüstan” sarayında keçirilən təməlqoyma mərasimində cənab Prezidentin çıxışına nəzər saldı. Bildirdi ki, bu layihə həm də Mingəçevirdə yeni iş yerlərinin açılmasına imkan yaradacaq. Şəhər rəhbəri qeyd etdi ki, Mingəçevir şəhərində həyata keçirilən quruculuq işlərinin sahəsi genişlənir. Ötən illər ərzində şəhərimizin müxtəlif ərazilərində yeni park və istirahət mərkəzlərinin salınması sakinlərin ürəyincədir. Eyni zamanda yaşıllıq zolaqları genişlənir, məhəllələrdə əsaslı təmir işləri davam etdirilir, sakinlərin mənalı və səmərəli istirahəti üçün nümunəvi məhəllələr yaradılır. Yaşayış binalarında aparılan əsaslı təmir işləri, ümumi istifadə sahələrində, bloklarda divarların suvanaraq rənglənməsi, plastik pəncərə çərçivələrinin qoyulması, dəmir seyf qapıların yerləşdirilməsi, asfaltın salınması, bordürlərin qoyulması və bu kimi digər yenidənqurma işləri davam edir. İşıqlanma sisteminin müasirləşdirilməsi, məhəllələrdə işıq dirəklərinin quraşdırılması, elektrik xətlərinin çəkilməsi axşam və gecə saatlarında vətəndaşların qarşılaşdıqları problemi aradan qaldırır. Su və kanalizasiya xətlərinin yenilənməsi sahəsindəki aparılan işlərin böyük hissəsi başa çatıb. Əsas məqsəd sakinləri narahat edən problemlərin vaxtında aradan qaldırılaraq həll olunmasıdır, deyən İ.İsmayılov ölkə Prezidenti, cənab İlham Əliyevin tapşırığına uyğun olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini qeyd edərək, sakinlərin arzu və təkliflərinin görülən işlərə müsbət təsir etdiyini vurğuladı. Çıxış edən sakinlərdən Mustafa Muradov, Sevil Heydərova, Məmməd Qasımov, Baxşəli Sadıqov, Bəhruz Qədirov, Niyaz Hüseynov və başqaları aparılan işlərə görə ölkə rəhbərinə və Mingəçevir şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını ifadə etdilər. Qarşılaşdıqları problemləri dilə gətirərək bildirdilər ki, görülən işlərə baxmayaraq hələ də binaların zirzəmilərində antisanitariya vəziyyəti mövcuddur. Yaşadıqları ərazilərdə ağacların budanmasına, asfalt örtüklərinin çəkilməsinə ehtiyac olduğunu deyərək, bəzi binalarda qəzalı vəziyyətin mövcudluğuna, o cümlədən işsizliyin olmasına diqqəti cəlb etdilər. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan məsələləri diqqətlə dinlədikdən sonra İcra Hakimiyyətinin məsul əməkdaşlarına, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlarını verdi. Qeyd etdi ki, diqqətə çatdırılan bütün problemlər nəzarətə götürülməklə öz həllini tapacaqdır.

Keçidlər