2026-cı il sentyabrın 15-də – Bilik Günündə Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt əsaslı Dil Mükəmməlliyi Laboratoriyasının açılışı oldu!
15 sentyabr 2026 | 15:55
Açılış mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və şəhərin digər rəhbər şəxsləri iştirak ediblər.
Laboratoriyada istifadə olunan süni intellekt əsaslı dil qiymətləndirmə vasitələri tələbələrin “pronunciation”, “fluency”, “vocabulary”, “grammar”, “listening” və “speaking” göstəricilərinin ayrıca təhlil edilməsinə imkan verəcək. Bununla tələbənin hansı dil bacarıqlarında irəliləyiş əldə etdiyi, hansı istiqamətlərdə isə əlavə dəstəyə ehtiyac duyduğu daha dəqiq müəyyənləşdirilə biləcək.
Platformanın 2027-ci ilin mart ayınadək Mingəçevir Dövlət Universitetinin əsas tədris binasındakı bütün auditoriyalarda tətbiqi nəzərdə tutulur. Hazırda prosesə xarici dillər üzrə tədris olunan fənlərdən başlanılıb. Beləliklə, laboratoriyada formalaşdırılan sistem tələbə, müəllim və tədris prosesini vahid məlumat əsaslı qiymətləndirmə mühitində birləşdirəcək. Əldə olunan nəticələr tələbələrin fərdi inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və xarici dil tədrisinin keyfiyyətinin davamlı təkmilləşdirilməsi üçün istifadə oluna biləcək.