2025-ci il, yanvar ayının 2-də Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə energetiklər yaşayış massivində Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun xatirə kompleksinin və xatirə bulağının açılışı olub
03 yanvar 2025 | 12:39
Natiq Səlim oğlu Qasımovun ad günü münasbəti ilə təşkil olunan tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının və Azərbaycan İES-in rəhbərləri, YAP şəhər təşkilatının sədri və partiya fəalları, Mingəçevir Bələdiyyəsinin sədri və üzvləri, şəhid ailələrinin üzvləri, qazilər, Qarabağ müharibələri veteranları, mətbuat işçiləri, ictimaiyyət nümayəndələri, MDU-nun, Tibb Kollecinin, Turizm Kollecinin, təhsil, səhiyyə, mədəniyyət, idman müəssisələrinin rəhbərləri və kollektiv üzvləri, idarə və müəssisələrin kollektivləri, müharibə və əmək veteranları əvvəlcə torpaqlarımızın müdafiəsi və azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iyirminci əsrin sonlarında ermənilərin Qarabağ bölgəsində başladığı müharibənin xalqımıza, dövlətimizə vurduğu zərbələrdən danışıb. Qeyd edib ki, o zaman müstəqilliyini yenicə bərpa edən gənc Azərbaycan dövlətində mövcud olan hakimiyyətin səriştəsizliyi sayəsində yurdumuzda xaos və anarxiya hökm sürür, bundan istifadə edən separatçılar isə işğalçılıq əməliyyatlarını çoxaldırdılar. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk növbədə atəşkəsin əldə olunmasına nail olmaqla ordu quruculuğuna başladı. Təbii ki, düşmənin müxtəlif hiylələri və təxribatları zamanı yüzlərlə vətən övladı həlak oldu, şəhidlik zirvəsinə yüksəldi. Həmin illərdə, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində düşmənin törətdiyi soyqırım hadisəsi xalqımızın tarixində acı səhifə yaratdı. Bu hadisələrə dözməyən və könüllü olaraq cəbhə bölgəsinə yollanan, Xocalıda bir kilsədə düşmənə qarşı təkbaşına və mətanətlə döyüşən, onlara ağır zərbələr vuran bizim həmiyerlimiz, Natiq Səlim oğlu Qasımov tariximizin şərəfli səhifəsini yaratdı, əlində saxladığı Azərbaycanın üçrəngli bayrağını göylərə qaldıraraq vətənpərvərlik məktəbini nümayiş etdirdi. Bu o zaman məşhur “Oqonyok” jurnalında nəşr olunub. Hər iki müharibələr zamanı şəhidlərimiz ölümün gözünə dik baxdılar, göstərdilər ki, torpaq uğrunda ölmək şərəfdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycanın cəsur əsgər və zabitlərinin fədakarlığı ilə 2020-ci ildə 44 günlük Vətın müharibəsində Zəfər tarixi yazıldı. Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, 2020-ci ilin 44 günlük Vətən müharibəsi, 2022-ci ilin sentyabr hadisələri və 2023-cü ilin antiterror əməliyyatları zamanı qəhrəmanlıq göstərən, düşmənə qarşı rəşadətlə döyüşən vətən övladlarının xatirəsi hər zaman əziz tutulur. 2021-ci ildə şəhidlərimizə ehtiram əlaməti olaraq nəşr etdirdiyimiz “Əbədiyyətə qovuşanlar” xatirə kitabında müharibələrdə, ondan sonrakı terrorlar zamanı həlak olan şəhidlərimizin, itkinlərimizin həyat yolundan bəhs olunur. Bu xatirə kitabı yeni nəsil üçün, uşaqlar, gənclər üşün bir məktəbdir, qəhrəmanlarımızın keçdiyi yolu öyrənmək üçün bir imkandır. Bu gün biz şəhərimizin, Azərbaycanın qəhrəman oğlu Natiq Səlim oğlu Qasımovun ad gününə toplaşmışıq, yaşadığı Naxçıvan küçəsindəki 42 saylı binanın yaxınlığında xatirə bulağının və kompleksinin açılışını edirik. Bildiyiniz kimi, 2024-cü il iyun ayının 25-də cənab Prezidentimiz qəhrəmanımıza Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi ilə bağlı sərəncam imzalayıb. Noyabr ayının 29-da isə baş nazir şəhidin təhsil aldığı 4 nömrəli tam orta məktəbə Natiq Səlim oğlu Qasımovun adının verilməsi ilə bağlı qərar imzalayıb. Şəhərimizdə bütün şəhidlərimizin xatirəsi əziz tutulur, Şəhidlər Xiyabanına ziyarətlər təşkil olunur, anım mərasimləri keçirilir, qayğı və diqqət göstərilir. Ötən il cənab prezidentimizin tapşırığı ilə şəhid ailələri və qazilər üçün 72 mənzilli bina inşa olunaraq istifadəyə verilib. Qəzalı vəziyyətdə olan binaların sakinləri üçün tikilən 40 mənzilli binanın 7 mənzili də bu ailələrə verilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mərasimdə Millət vəkili Aydın Mirzəzadə, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov adına 4 nömrəli tam orta məktəbin direktoru Zaur Müseyibov, müharibə, Əmək və Silahı Qüvvələr, veteranları təşkilatının şəhər şöbəsinin sədr müavini Rizvan Mikayıllı, Qarabağ əlili Əbülfət Babayev, şəhər ağsaqqallar şurasının sədri Mustafa Muradov, Milli Qəhrəmanın döyüşçü yoldaşı Zahid Kərimov çıxış edərək tariximizin qəhrəmanlıq səhifəsini yaradan şəhidlərimizin ruhuna ehtiramlarını bildirdilər, torpaqlarımızın uzun illərdən sonra azad olunmasını xalqımızın vətənpərvərlik tərbiyəsinin yüksək olmasından bəhrələndiyini qeyd etdilər. Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qardaşı Nofəl Qasımov Natiqin 1989-91-ci illərdə həqiqi hərbi xidmətini başa vuraraq doğma şəhərə qayıtdıqdan sonra, 21 yaşında könüllü olaraq düyüşlərə getdiyindən bəhs etdi. Qeyd etdi ki, Natiq haqqında 6 sənədli film çəkilib, mətuatda məqalələr yazılıb, rəsmlər çəkilib. 2016-cı ildə Böyük Britaniyanın mütəxəssisləri tərəfindən çəkilişinə başlanan “Oğul” sənədli filmi üç il ərzində ərsəyə gəlib və bu filmə ilk olaraq cənab Prezidentimiz ailə üzvləri ilə birgə baxıb. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Prezidentimiz İlham Əliyev əziz bir gündə, Milli Ordu gününə bir gün qalmış, həm də mənim ad günümdə 25 iyun 2024 ci ildə qardaşım Natiqə Azərbaycanın Milli Qəhrəmanı fəxri adını verməklə, ailəmizi, Azərbaycan xalqını, bütün mingəçevirliləri, xocalaları, sevindirib. Təhsil aldığı 4 nömrəli tam orta məktəbə Natiq Qasımovun adının verilməsi də ona olah ehtiramın hir hissəsidir. Elm və təhsil naziri, şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məktəbdə olaraq Mili Qəhrəmanın xatirəsi üçün tədbirlərin görülməsi məqsədi ilə söhbətlər aparıblar. Bu xatirə əsərlərinin yaradılması, açılışı məhz Prezidentimizin şəhidlərə göstərdiyi ehtiramın nəticəsidir. Mingəçevir şəhər İcra Hakimiyyətinin rəhbərliyinə, əməyi, zəhməti olanların hər birinə minnətdarlığımı bildirirəm. Bütün bunlar üçün mən ailəmiz adından cənab Prezidentimiz İlham Əliyevə minnətdarlıq edir, ona can sağlığı, Azərbaycanın tərəqqisi yolunda fəaliyyətində uğurlar arzulayıram. Sonra xatirə bulağının və barelyefin açılışı oldu. Xatirə şəkilləri çəkdirildi.