“20 Yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir” mövzusunda dəyirmi masa keçirilib.
19 yanvar 2025 | 08:07
YAP Mingəçevir şəhər təşkilatının müşavirə zalında keçirilən tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, partiya fəalları, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri, müharibə və əmək veteranları iştirak ediblər. Əvvəlcə 20 Yanvar şəhidlərinin, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra 20 Yanvar hadisələrindən bəhs edən “Qan Yaddaşımız” adlı sənədli film nümayiş etdirilib. Çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, ötən əsrin 80-ci illərinin axırlarında keçmiş SSRİ dövləti daxilində baş verən ictimai-siyasi proseslərdən istifadə edən ermənilər qondarma Dağlıq Qarabağ problemi adı altında Azərbaycana qarşı ərazi iddialarının növbəti mərhələsinə başladılar. O zamankı Azərbaycan rəhbərliyinin hadisələri düzgün qiymətləndirməməsi xalqımızın qəzəb və hiddətinin coşmasına gətirib çıxarırdı. Xalq ayağa qalxaraq konstitusiya hüquqlarının bərpa edilməsi tələbi ilə çıxış edirdi. 1990-cı il yanvarın 19-da “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” SSRİ rəhbəri tərəfindən fərman imzalansa da, bu fərman əhalidən gizlin saxlanıldı və Mixail Qorbaçovun göstərişi ilə və Azərbaycanın o zamankı səriştəsiz rəhbərlərinin razılığı ilə Bakıya qoşun yeridildi. Yanvarın 19-dan 20-sinə keçən gecə Bakıda misli görünməmiş vəhşiliklər edildi. Sovet ordusunun xüsusi təlim görmüş, qoşun hissələri 3 istiqamətdə Bakıya yeridilərək dinc əhaliyə qarşı amansız cinayətkarlıq aksiyaları törətdilər. Bu qanlı faciə Azərbaycanın Müstəqillik hərəkatını sürətləndirdi və Sovet İttifaqına ciddi zərbə vurdu. Qanlı Yanvar hadisələrinin ək-sədası bütün ölkəyə yayıldı. Hərbi müdaxilə Sovet İttifaqını bürüyən problemlərin öhdəsindən gələ bilməyən mərkəzin bacarıqsızlığını üzə çıxartdı. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri də haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, azadlıq istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Azərbaycan xalqının belə ağır vəziyyətində vəzifədən və siyasi hakimiyyətdən uzaqlaşdırılmış Ümummilli lider Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gedib mətbuat konfransı keçirdi. Ulu Öndər Bakıda törədilən qanlı faciənin səbəblərini açıqladı, bu işin təşkilatçılarını cinayətkar adlandırdı və bu aksiyanı törədənlərin məsuliyyətə cəlb edilməsini qətiyyətlə tələb etdi. 1994-cü il yanvar ayının 29-da Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinin törədilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə qanlı 20 Yanvar hadisələrinin günahkarları aydınlaşdırıldı və ona hüquqi-siyasi qiymət verildi. İ.İsmayılov qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “20 Yanvar Şəhidləri”nin, eyni zamanda, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların xatirəsini həmişə uca tutur, şəhid ailələrinə öz qayğısını əsirgəmir, onların həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə tədbirlər görür. Tarixi yaddaşımızın qorunması, başımıza açılanlardan ibrət götürülməsi və gələcək nəsillərin əsil həqiqətlərlə məlumatlandırılması hesab edirəm ki, hər birimizin vətəndaşlıq borcudur. Ölkə Prezidenti cənab İlham Əliyev bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir və artıq biz bunun əyani nəticələrini görürük. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız Şanlı ordumuzun qəhrəmanlığı ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 44 gün davam edən müharibədə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonları, Xocavənd və Xocalı rayonlarının bir hissəsi azad olundu. 2023-cü ilin sentyabr ayının 19-da keçirilən antiterror əməliyyatlarında erməni seperatçıları tamamilə tərkisilah edildi və ölkəmizin suverenliyi tam bərpa olundu. Bu gün Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarında işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Ölkə Prezidentinin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixində azadlıq mübarizəsinin yenilməzlik rəmzidir”, 14 №-li tam orta məktəbin direktoru Ceyhun Atayev “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Ulu öndər Heydər Əliyevin fədakarlıq nümunəsidir”, MDU-nun müəllimi, Tarix üzrə fəlsəfə doktoru Vüsalə Mövlayeva “20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanının müasir reallıqları, Mingəçevir Tibb Kollecinin ictimai fənlər müəllimi Kəmalə Hüseynova “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzularında məruzələrlə, ictimaiyyət nümayəndələri adından Fərman Nəbiyev xatirələrlə çıxış etmişlər. Tədbirə yekun vuran İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, “20 Yanvar” tarixi Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günüdür. Bu uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Xalqımızın tarixinə azadlıq uğrunda qəhrəmanlıq mübarizəsi kimi daxil olan 20 Yanvar faciəsindən 35 il keçir. Bu tarixi gün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi xalqımızın qəlbində daim yaşayacaqdır. Azərbaycanın bütün bölgələrində torpaq və vətən uğrunda şəhid olanların məzarlıqları hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmişdir. İlin bütün günlərində minlərlə insan bu müqəddəs yerləri ziyarət edir, Vətən uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının xatirəsini ehtiramla yad edirlər. Nəsillər dəyişəcək, lakin Vətən övladlarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır. Çünki, bu insanların əməlləri, qəhrəmanlıqları bizim şanlı tariximizdir, mübarizlik tariximizdir və həmişə yaşadılan, fəxrlə anılan qürurverici tariximizdir. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!