Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı Mingəçevir Şəhidlər Xiyabanında Anım mərasimi keçirilib

21 yanvar 2025 | 11:27

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, millət vəkili Aydın Mirzəzadə “20 Yanvar” abidə kompleksinin önünə əklil qoyaraq, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə azğınlaşmış imperiya ordusunun azadlıq və suverenlik mübarizəsinə qalxan əliyalın insanlara qarşı silahlı hücumları zamanı həlak olan vətən övladlarının xatirəsinə ehtiramlarını ifadə ediblər. İcra başçısı aparatının işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, hərbçilər, idarə və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri, təhsil, idman, səhiyyə və mədəniyyət sektorlarının təmsilçiləri, qazilər, müharibə və əmək veteranları “20 Yanvar” abidə kompleksinin önünə qərənfillər düzüblər.

Sonra tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün qorunması, torpaqlarımızın azad edilməsi, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, suverenliyinin bərpa olunması uğrunda həlak olan şəhidlərin məzarlarını ziyarət edərək qərənfillər düzmüş, şəhidlərimizə Allahdan rəhmət diləyiblər. Din xadimləri tərəfindən şəhid qəhrəmanlarımızın xatirəsi yad olunub və dualar oxunub. Hüzn əlaməti olaraq şəhərdə Azərbaycanın dövlət bayrağı endirilib. Bakı vaxtı ilə saat 12.00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər vasitəsi ilə səs siqnalları verilib.

Günorta saatlarında Mingəçevir Dövlət Dram Teatrında Qanlı Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmmuş “Vətən” kompozisiyası nümayiş etdirilib. Azərbaycanın tarixinə Ümumxalq Hüzn günü kimi daxil olan 20 Yanvar hadisələri tariximizin ən şanlı, şərəfli səhifəsidir.

20 Yanvar azadlığın, müstəqilliyin başlanğıc günüdür. Xalqın oyandığı, vətənpərvərliyini, qətiyyətini nümayiş etdirdiyi gündür. Dövlətçiliyin bərpası, birlik, həmrəylik günüdür. 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətində Azərbaycanın suverenliyi, isiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması məqsədi ilə hazırlanmış tədbirlər planına müvafiq olaraq şəhərin bütün idarə və müəssisələrində, təhsil-tərbiyə ocaqlarında, mədəniyyət, səhiyyə və idman müəssisələrində silsilə tədbirlər keçirilib, şəhidlərin məzarları ziyarət olunub.

Keçidlər