Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 33-cü ildönümü münasibəti ilə dəyirmi masa keçirildi.

19 yanvar 2023 | 17:03

Yanvar ayının 19-da Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir şəhər təşkilatı ilə birgə “20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzinin foyesində Mingəçevir şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin 20 Yanva hadisələrinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxdılar. Tədbiri Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq torpaqlarımızın qorunması, azad olunması, yurdumuzun ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizədə həlak olan şəhidlərimizin ruhunu 1 dəqiqlik sükutla yad olunmasını təklif etdi. Sonra tədbir iştirakçıları 20 Yanvar hadisələrinə həsr olunmuş filmə baxış keçirdilər. Filmin nümayişindən sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etdi ki, Xalqımızın tarixinə azadlıq uğrunda qəhrəmanlıq mübarizəsi kimi daxil olan 20 Yanvar faciəsindən 33 il keçir. Ötən əsrin 80-ci illərinin axırlarında keçmiş SSRİ dövləti daxilində baş verən ictimai-siyasi proseslərdən istifadə edən ermənilər qondarma Dağlıq Qarabağ problemi adı altında Azərbaycana qarşı ərazi iddialarının növbəti mərhələsinə başladılar. O zamankı Azərbaycan rəhbərliyinin bu prosesi düzgün qiymətləndirməməsi xalqımızın qəzəb və hiddətinin coşmasına gətirib çıxartdı. Xalq ayağa qalxaraq öz Konstitusiya hüquqlarının bərpa edilməsi tələbi ilə çıxış etdi. 1990-cı il yanvarın 19-da “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” SSRİ rəhbəri tərəfindən fərman imzalansa da, bu fərman əhalidən gizlin saxlanıldı və Mixail Qorbaçovun göstərişi ilə və Azərbaycanın o zamankı səriştəsiz rəhbərlərinin razılığı ilə Bakıya qoşun yeridildi. Yanvarın 19-dan 20-sinə keçən gecə Bakıda misli görünməmiş vəhşiliklər törədildi. Sovet ordusunun xüsusi təlim görmüş qoşun hissələri 3 istiqamətdə Bakıya yeridilərək dinc əhaliyə qarşı amansız cinayətkarlıq aksiyaları törətdilər. Bu qanlı faciə Azərbaycanın Müstəqillik hərəkatını sürətləndirdi və Sovet İttifaqına ciddi zərbə vurdu. Qanlı Yanvar hadisələrinin əks-sədası bütün ölkəyə yayıldı. Hərbi müdaxilə Sovet İttifaqını bürüyən problemlərin öhdəsindən gələ bilməyən mərkəzin bacarıqsızlığını üzə çıxartdı. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri də öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, azadlıq istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Azərbaycan xalqının belə ağır vəziyyətində o zaman vəzifədən və siyasi hakimiyyətdən uzaqlaşdırılmış Ümummilli lider Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gedib mətbuat konfransı keçirdi. Ulu Öndər Bakıda törədilən qanlı faciənin səbəblərini açıqladı, bu işin təşkilatçılarını cinayətkar adlandırdı və bu aksiyanı törədənlərin məsuliyyətə cəlb edilməsini qətiyyətlə tələb etdi. Sonralar Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinin törədilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 yanvar 1994-cü il tarixli qərarı ilə qanlı 20 Yanvar hadisələrinin günahkarları aydınlaşdırıldı və ona hüquqi-siyasi qiymət verildi. Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “20 Yanvar Şəhidləri”nin, eyni zamanda, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların xatirəsini həmişə uca tutur, şəhid ailələrinə öz qayğısını əsirgəmir, onların həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə tədbirlər görür. Tarixi yaddaşımızın qorunması, başımıza açılanlardan ibrət götürülməsi və gələcək nəsillərin əsil həqiqətlərlə məlumatlandırılması hesab edirəm ki, hər birimizin vətəndaşlıq borcudur. Bilirik ki, ölkə Prezidenti cənab İlham Əliyev bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir və artıq biz bunun əyani nəticələrini görürük. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız Şanlı Ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 44 gün davam edən müharibədə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonları, Xocavənd və Xocalı rayonlarının bir hissəsi azad olundu. Xocalı, Xankəndi şəhərləri, Xocavənd və Ağdərə ərazisinin bir hissəsi hazırda sülhməramlı qüvvələrin nəzarətindədir. İşğaldan azad olunmuş ərazilərdə vaxtilə yaşayan soydaşlarımızın həmin ərazilərə qaytarılması üçün işlər gedir. Bu gün Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarında işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Əminəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində soydaşlarımız tezliklə öz doğma yurdlarına qayıdacaqlar. Dətirmi Masada YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixində azadlıq mübarizəsinin yenilməzlik rəmzidir”, MDU nun tarix müəllimi, YAP veteranı Mirzə Cavadov “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Ulu öndər Heydər Əliyevin fədakarlıq nümunəsidir”, MDU nun tədris şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Üzeyir Zeynalov “Ümummilli Lider Heydər Əliyevin imzaladığı “20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanının reallıqları”, şəhər 7 saylı tam orta məktəbin direktoru, Tarix üzrə fəlsəfə doktoru Anar İsmayılov “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzularında məruzələrlə çıxış etdilər. Tədbirə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yekun vuraraq qeyd edib ki, “20 Yanvar” günü Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günüdür. Bu uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Azərbaycanın bütün bölgələrindəki torpaq və vətən uğrunda şəhid olanların məzarlıqları, eyni zamanda Mingəçevir Şəhidlər Xiyabanı hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmişdir. Vətən uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının xatirəsi hər zaman ehtiramla yad edilir. Nəsillər dəyişəcək, lakin Vətən övladlarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır. Çünki, bu insanların əməlləri, qəhrəmanlıqları bizim şanlı tariximizdir, mübarizlik tariximizdir və həmişə yaşadılan, fəxrlə anılan qürurverici tariximizdir. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Keçidlər