2 Fevral "Gənclər Günü" münasibətilə Mingəçevir gəncləri ilə görüş keçirildi
01 fevral 2025 | 12:39
Fevral ayının 1-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 2 fevral – Gənclər günü münasibəti ilə gənclərlə görüşüb. Tədbir iştiralçıları Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin müşavirə zalında keçirilən görüşdə Mingəçevir Dövlət Universitetini, Tibb Kollecini, Turizm Kollecinin, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrini, digər qurumları təmsil təmsil edən gənclər, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Gənclər günü münasibəti ilə gəncləri təbrik edərək xoş arzularını çatdırıb. Qeyd edib ki, 2 fevral – Gənclər günüdür. Müstəqil Azərbaycanda uğurlu gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulduğunu bildirən şəhər rəhbəri 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılmasının gənclərə göstərilən diqqət və qayğı olduğunu vurğulayıb. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumu, 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-sinin Azərbaycan Gəncləri Günü elan edilməsi, 1999-cu il 29 iyul tarixli “Dövlət gənclər siyasəti haqqında” Fərmanla Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi, 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilməsi gənclərin inkişafına, təhsilinə, fiziki sağlamlığına geniş yollar açdı. Ardıcıllıqla həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələrindən bəhs edərkən ölkəmizdə vətənpərvər gənclər nəslinin formalaşmasını məmnunluq hissi ilə qeyd edə bilərik. Bu siyasəti uğurla davam etdirən dövlətimizin başçısının diqqət və qayğısı sayəsində Azərbaycan gəncləri sərhədlərimizin qorunmasında, ölkənin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə böyük fədakarlıqlar göstərirlər. Gənclərimizin Vətən sevgisini qürur hissi ilə nəzərə çatdıran Prezident İlham Əliyev “Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur”, - deyə vurğulayıb. Gənclərin dünyanın müxtəlif ölkələrindəki universitetlərdə təhsil alması, dünya və Avropa idman yarışlarında qələbələr qazanaraq Azərbaycan Bayrağını yüksəklərdə dalğalanması bu uğurlu siyasətin davamıdır. Respublikamızda 45-dən çox Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi və bu kimi digər nailiyyətlər hər birimizin fərəhini artırır. Mingəçevirdə uşaq və gənclərin təhsili, sağlamlığı üçün layihələrin icra edildiyini bildirən İlham İsmayılov qeyd etdi ki, nur şəhərində aparılan abadlıq quruculuq işləri çərçivəsində məhəllələrdə və istirahət məskənlərində, xiyabanlarda futbol və basketbol idman meydançaları, müxtəlif idman aksesuarları ilə təchiz edilmiş meydanlar hazırlanır. Bütün bunlar insanların səmərəli və mənalı istirahətlərinin təşkili, onların məmnunluq hisslərinin artırılması üçün görülən işlərin bir hissəsidir. Hər birinizi 2 fevral – Gənclər günü münasibəti ilə bir daha ürəkdən təbrik edir, uğurlar arzulayıram. Görüşdə YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, İşıqlı Gələcək Gənclər İctimai Birliyinin sədri Samrin Xanlayev gönclərə göstərilən dqqət və qayğıya görə ölkə Prezidentinə, şəhərdə gənclər üçün yaradılan şəraitə görə şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər. Məktəbli gənclərdən Hüseyn Əbdürəhimli, Əlmurad Hacızadə, Zəhra Allahverdi təhsil və idman sahəsində qazandıqları uğurlardan söhbət açaraq onlara göstərilən şərait üçün təşəkkürlərini bildirdilər. Sonda şəhərin ictimai həyatında fəallıq göstərən, təhsil, idman sahəsində nailiyyətlərinə görə fərqlənən bir qrup gəncə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanı və hədiyyələri təqdim edildi. Təbirdən sonra xatirə şəkilləri çəkdirildi.