Şriftin ölçüsü :

Saytın rəngi :

9 aylığın nəticələri sosial-iqtisadi inkişafımızın artan göstəricisidir

20 oktyabr 2012 | 15:00

19 oktyabr 2012-ci il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın «2012-ci ilin 9 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr»ə həsr olunmuş geniş iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2012-cu il oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezidentin tövsiyə və tapşırıqları barədə danışdı. O, bildirdi ki, cənab Prezident ölkə iqtisadiyyatının 9 ayı ərzində əldə etdiyi uğurları vurğulamış, son illərdə əldə olunmuş nailiyyətləri təhlil etmişdir. Bütün iqtisadi göstəricilər bir daha sübut edir ki, Azərbaycanın inkişafı güclənir və bu inkişaf davam edir.
Sonra yığıncağın gündəliyində duran məsələ «2012-ci ilin 9 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr» barədə İcra Hakimiyyəti başçısı Niyazi Bayramov məlumat verdi.
2012-ci ilin 9 ayının təhlili göstərir ki, son illər şəhərimizdə aparılan işlər uğurla davam etdirilmişdir.
Şəhər üzrə 9 ayın yekunları göstərir ki, ümumi məhsul buraxılışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 52,9 faiz artaraq 252,4 milyon manat, o cümlədən sənaye məhsulu istehsalı 43,6 faiz artaraq,130,6 milyon manata çatdırılmışdır. Ötən 9 ayda sənaye məhsulu istehsalı sahəsində işləyənlərin orta aylıq əmək haqqı 314 manat təşkil etmişdir. Tikinti sektorunda əsas kapitala yönələn investisiya 72,1 milyon manat olmuşdur. Şəhərdə aparılan tikinti quraşdırma işlərinə 70,2 milyon manat vəsait xərclənmişdir. 9 ayda nəqliyyat sahəsində daşınmaların həcmi 7,1 faiz artaraq 2,6 milyon manat, rabitə sahəsində göstərilən xidmətlər 5,1 faiz artaraq 852 min manat təşkil etmişdir. İstehlak bazarında əhaliyə 176 milyon manatlıq məhsul satılmış və müxtəlif xidmətlər göstərilmişdir.
Hesabat dövründə şəhər ərazisində aparılan abadlıq və quruculuq işləri öz ahəngində davam etdirilmişdir. Şəhərin «Sahil» parkı əsaslı yenidən qurulmuş və hazırda tamamlama işləri görülür. Şərq giriş hissəsində «Bayraq meydanı » inşa olunur. Avtomobil yolları genişləndirilir, müasir səki daşları quraşdırılır, yeni şəkilə salınır. İşıqlandırma sistemi yenidən qurulur, ötən 9 ayda şəhərin küçə və meydanlarında 100 min kv.metrdən çox asfalt örtük salınmış, 12 min kv.metr döşəmə daşı düzülmüş, 500 ədəd yeni müasir işıqlanma dirəyi gətirilmiş, 6 min kv.metr dam örtüyü əsaslı təmir olunmuş, ümumilikdə 44 min kv.m. fasad hissə rənglənmişdir.
Cari ilin 9 ayı ərzində şəhərin əhalisi, idarə və müəssisələr elektrik enercisi, təbii qaz və su ilə fasiləsiz təmin olunmuşlar.
Şəhər İcra Hakimiyyəti cari ilin müvafiq dövründə digər sahələrlə yanaşı təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin də inkişafını, maddi texniki bazasının gücləndirilməsini diqqət mərkəzində saxlamışdır.
Cari ilin 9 ayının yekunları göstərir ki, Mingəçevir şəhərində aparılan abadlıq, quruculuq və təmir-tikinti işləri, sahibkarlığın genişləndirilməsi, turizmin inkişafına lazımi şəraitin yaradılması və digər sahələrdə aparılan işlər uğurla davam etdirilir.
Şura iclasında şəhər Maliyyə idarəsinin rəisi Şahverdi İspəndiyarov, Dövlət Sosial Müdafiə fondunun şəhər şöbəsinin müdiri Cəlil Hətəmov, «Az.İES»MMC-nin direktoru Bəhmən Nəcməddinov, Təhsil Şöbəsinin müdiri Nazir Sultanov 9 ay ərzində görülən işlər və qarşıda duran vəzifələrdən danışdılar.
Çıxışlardan sonra şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Şura iclasına yekun vurdu.

 

Keçidlər