18 yanvar 2023-cü il tarixdə Şuranın növbəti iclası keçirildi
18 yanvar 2023 | 15:41
Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası yanvar ayının 18-də şəhər İcra Hakimiyyətinin akt zalında keçirildi. İclası açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov gündəlikdə duran məsələlər haqqında iştirakçıları tanış etdi. Qeyd etdi ki, gündəlikdə 3 məsələ durur. 1.“Mingəçevir şəhəri üzrə dövlət büdcəsinin 2023-cü il üçün təsdiq olunmuş gəlir və xərcləri haqqında”. 2.“Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının 2022-ci ilə dair hesabatı”. 3.“Mingəçevir şəhər İcra Hakimiyyətinə 2022-ci ildə daxil olmuş sənədlərə işin, vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması vəziyyəti haqqında”. Gündəlikdə duran birinci məsələ haqqında şəhər maliyyə şöbəsinin müdiri Sultan Əsədov məlumatla çıxış etdi. Məlumat şəhər İcra Hakimiyyəti başçısının müdaxiləsi ilə dinlənildikdən sonra müzakirələrə səbəb oldu. Müzakirələrdə şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirov, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin baş mühəndisi Ramiz Hüseynov, şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev çıxış etdilər. Şura iclası müzakirələrə əsasən müvafiq qərar qəbul etdi. İkinci məsələ haqqında yektinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu Səbirə Yusifli çıxış etdi. Məruzə ətrafında müzakirələrdə Polis şöbəsinin İTB YYÇ PİTQ-nin baş inspektoru Səbuhi Heydərov, “Mərkəzi Aran” Regional Təhsil idarəsinin Mingəçevir şəhəri üzrə sektor müdiri Sevinc Həsənova çıxış etdilər. Gündəlikdə duran 3-cü məsələ haqqında məlumatla Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Tərlan Əliyeva çıxış etdi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şura iclasının işinə yekun vuraraq bildirdi ki, qarşımızda görüləsi işlər çoxdur və buna müvafiq olaraq yerlərdə işə daha məsuliyyətlə yanaşılmalıdır. Odur ki, bir daha idarə, müəssisə, təşkilat rəhbərlərini tövsiyyə edirəm ki, öz vəzifə borclarını layiqincə yerinə yetirsinlər, hər bir məsələyə ciddi və məsuliyyətlə yanaşsınlar. Şura iclası müzakirə olunan məsələlər haqqında qərarlar qəbul etdi.