Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr- Dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümü ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə elmi-nəzəri konfransı keçirilib.

18 oktyabr 2024 | 15:02

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Heydər Əliyev Mərkəzində keçirilən tədbir öncəsi Ümummilli Lider Heydər Əliyevin və Dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda həlak olan şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşlarının, YAP şəhər təşkilatının üzvlərinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, idarə və müəssisələrin, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, əmək və müharibə veteranlarının, mətbuat işçilərinin iştirak etdiyi konfransı şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq məruzə ilə çıxış etdi. Bildirdi ki, 18 oktyabrda Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq dövlət müstəqilliyini bərpa etdiyi tarixdən 33 il keçir. Əlamətdar bayram münasibətilə mingəçevirliləri təbrik edən şəhər rəhbəri əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımızın ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, milli-mənəvi dəyərlərini, dilini, mədəniyyətini qoruyub saxladığını və dünya mədəniyyəti xəzinəsinə töhfələrini verdiyini qeyd etdi. XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika kimi qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud oldu və 70 il Sovetlər rejiminin tərkibində yaşamalı olduq. 1991-ci il oktyabrın 18-də müstəqilliyimizin bərpası bizə dünyəvi dövlət qurmaq və dünya birliyində mühüm yer tutmaq imkanı verib. Ötən illər ərzində aparılan uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənib, iqtisadiyyatımız inkişaf edib, mədəniyyətimiz zənginləşib. Müstəqilliyimizin ilk illərində ölkəmiz siyasi, iqtisadı və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə üz-üzə qalmışdı. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı, müdrik siyasəti nəticəsində ölkə vətəndaş müharibəsindən, müstəqilliyinin itirilməsi təhlükəsindən qurtuldu. Dövlətlə xalq birliyi təmin edildi, ictimai-siyasi sabitlik bərpa olundu. Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf edir, möhkəmlənir, beynəlxalq sahədə nüfuzu artır. Enerji sektorunun inkişafı, sənaye zonalarının yaradılması, aqrar sahədə, ordu quruculuğu sahəsində aparılan islahatlar ölkəmizin sürətli inkişafına şərait yaratmış, ərzaq təhlükəsizliyi təmin olunmuş, regionların inkişafında irəliləyişlər olmuşdur. Azərbaycan dünya ölkələri arasında layiqli yerini tutmuş, regionun lider dövlətinə çevirilmişdir. Bu inkişaf göstərir ki, Azərbaycan cənab Prezidentin rəhbərliyi altında daha da inkişaf edərək uğurlar əldə edəcəkdir. Əminik ki, bu uğurlar davamlı olacaq, biz müstəqil dövlətimizin yeni-yeni zəfərlərini, qələbələrini görəcəyik. Cənab Prezidentimizin rəhbərliyi ilə 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız 44 gün ərzində şanlı ordumuzun şücaəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə mənfur qonşularımız Laçın, Kəlbəcər, Daşkəsən istiqamətində törətdiyi təxribatın qarşısını Qəhrəman Azərbaycan Ordusu müvəffəqiyyətlə aldı. 2023-cü ilin 19 sentyabrında Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Qarabağ iqtisadi rayonunun sülhməramlıların nəzarəti altında olan ərazilərində antiterror əməliyyatları, 23 saat 43 dəqiqə ərzində 90-a yaxın strateji əhəmiyyətli ərazilər nəzarətə götürüldü. Antiterror əməliyyatlarından sonra bütün Qarabağ torpağı azad olundu, suverenliyimiz tam bərpa olundu. Artıq bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Prezident İlham Əliyevin apardığı ardıcıl məqsədyönlü siyasətinin nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun günü-gündən artması, ölkəmizdə keçirilən beynəlxalq, mədəni tədbirlər və idman yarışları, humanitar forumlar, Türk dövlətləri təşkilatının, İslam əməkdaşlıq təşkilatının, Qoşulmama hərəkatının Bakı şəhərində keçirilən tədbirləri, İlham Əliyevin dünya dövlətlərinin rəhbərləri ilə görüşləri ölkə rəhbərimizin beynəlxalq aləmdə nüfuzunun göstəricisidir. Bu il BMT-nin iqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessisyası noyabr ayında Bakıda keçiriləcək. COP-29-a 2024- cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin beynəlxalq aləmdə növbəti qələbəsidir. 2024-cü il ölkə Prezidentinin sərəncamları ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan etməsi münasibəti ilə genişmiqyaslı tədbirlər keçirilir. Vətən müharibəsindən sonra dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərimizin əhəmiyyətini nəzərə alaraq 15 oktyabr 2021-ci il tarixli Müstəqillik günü haqqında Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilmiş, “28 May Respublika Günü”nün adı dəyişdirilərək “Müstəqillik Günü”, “18 oktyabr-Dövlət Müstəqilliyi Günü”nün adı dəyişdirilərək “Müstəqilliyin Bərpası Günü” elan edilmişdir. 28 may tarixinin Müstəqillik günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası günü kimi təsbit olunması Azərbaycan dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycan 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tam hüquqlu varisidir. Ölkə rəhbərimizin dediyi kimi Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır.

Tədbirdə YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi mühüm tarixi hadisədir”, MDU-nun baş müəllimi Aygün Qədirova “Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi edən tarixi şəxsiyyətdir”, Turizm kollecinin tarix müəllimi Eldar Dərişov “Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində gördüyü işlər müstəqilliyimizin möhkəmlənməsinə xidmət etmişdir”, Mingəçevir Tibb Kollecinin ictimai elmlər üzrə müəllmi Afaq Cəfərova “Azərbaycanın müasir zəfərləri Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələrinin nəticələridir” məruzələri ilə çıxışlarında dövlətimizin inkişafından və tərəqqisindən fərəhlə bəhs etmişlər.

Keçidlər