17.02.2023-cü il tarixdə İcra başçısı İlham İsmayılovun sakinlərlə səyyar görüşü oldu.
20 fevral 2023 | 11:38
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü Təbiət, Riyaziyyat və Humanitar elmlər təmayüllü liseydə oldu. Görüşə H.Əliyev prospektindəki yaşayış binalarının sakinləri, şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri dəvətli idilər. Görüşdə həm də şəhərimizin başqa küçələrindəki binalarda yaşayan sakinlər iştirak edirdilər. Görüş iştirakçılarını salamlayan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkəmizdə həyata keçirilən tikinti-quruculuq işlərindən danışaraq qeyd etdi ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə azad olunan torpaqlarımızda reallaşan quruculuq işləri sürətlə davam edir. Keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə qayıtmaları üçün, həm də bölgədə həyatın yenidən bərpası üçün möhtəşəm layihələr həyata keçirilir. Mingəçevir şəhərində ilbəil genişlənən quruculuq işlərindən, ötən illər ərzində yeni park və istirahət mərkəzlərinin salındığından, yaşıllıq zolaqlarının genişlənməsindən, məhəllələrdə əsaslı təmir işlərinin görülməsinin davam etməsindən, sakinlərin mənalı və səmərəli istirahəti üçün nümunəvi məhəllələrin yaradılmasından, su və kanalizasiya xətlərinin yenilənməsindən bəhs edən İ.İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini qeyd etdi, sakinlərin arzu və təkliflərinin görülən işlərə müsbət təsir etdiyini vurğuladı. Ötən ildə olduğu kimi bu il də parklarımızın, xüsusən “Dostluq”, “Sahil” parklarının, eləcə də Heydər Əliyev prospekti boyunca mövcud olan parkların yenilənməsini diqqətə çatdırdı. Bu ərazilərdə, eləcə də Bağlar yaşayış massivində küçələrə asfalt döşənməsini və yenilənməsini nəzərə çatdırdı. Görüşdə sakinlərdən Fatma Sabirova, Emiliya Quliyeva, Bəyim Məmmədova, Kənan Nəbiyev, Sülhanə İsmayılova və başqaları çıxış edərək şəhərdə aparılan abadlıq-quruculuq işlərinə görə ölkə rəhbərinə və şəhər icra Hakimiyyətinə minnətdarlıqlarını ifadə etdilər, eyni zamanda qarşılaşdıqları problemlər haqqında söhbət açdılar. Xüsusən yaşadıqları ərazilərdə kanalizasiya sisteminin bərbad vəziyyətindən, bəzi yerlərdə yolların yararsız halda olmasından, övladlarına iş yerinin açılmasından, bir çox yerlərdə işıq xəttinin bərbad halda olmasından, Gülşən Bağlar massivi ərazisində körpünün yararsız halda olmasından söz açdılar. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan məsələlərə diqqətlə yanaşaraq onların həlli istiamətində idarə, müəssisə və təşkilat rəhbərlərinə, İcra Hakimiyyətinin məsul şəxslərinə tapşırıqlarını verdi. Qeyd etdi ki, bu məsələlər nəzarətə götürülməklə qısa müddətdə öz həllini tapacaqdır.