Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Turizm Kollecində “Milli-mənəvi dəyərlərimiz, dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət etməlidir” mövzusunda tədbir keçirilib

15 dekabr 2015 | 16:00

Dekabrın 15-də Mingəçevir Turizm Kollecində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının təsdiq etdiyi “İslam dininin dəyərlərinin qorunması və inkişafı istiqamətində Mingəçevir şəhərində aparılacaq maarifləndirici tədbirlər” çərçivəsində şəhər icra hakimiyyəti və şəhər prokurorluğu ilə birgə hazırlanmış “Milli-mənəvi dəyərlərimiz, dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət etməlidir” mövzusunda tədbir keçirilib.
     Tədbiri giriş sözü ilə açan kollecin direktoru prof. Əyyub Əyyubov müstəqilliyin əldə olunmasından sonra ölkəmizdə islam dini dəyərlərinin qorunması və inkişafına dövlətimizin qayğısından danışıb. Xalqımızın öz mənəvi dəyərlərinə hələ sovet dövründə sadiq qaldığını xatırladıb. Kənar təsirlərə, xarici dövlətlərdən qidalanan müxtəlif təriqətlərə və radikal cərəyanlara qarşı barışmaz mübarizə aparıldığını və bu sahədə təhsil işçilərinin üzərinə ciddi məsuliyyət düşdüyünü bildirib.
    Mingəçevir şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, fəlsəfə doktoru Sahib Əliyev “Tolerantlıq dövlətimizin əsas siyasətidir” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanda bütün dinlərə və məzhəblərə bərabər yanaşıldığını vurğuladı. Bununla bərabər əhalini ekstremizmə və radikalizmə sürükləyən dini qruplaşmalara qarşı kəskin mübarizə aparmağın vacibliyini qeyd edib.
   Mingəçevir şəhər prokurorunun müavini Balahüseyn Şabanov “Dini ekstremizmə qarşı mübarizə sahəsində hüquq mühafizə orqanlarının vəzifələri və bu sahədə qanunvericilik sistemi” mövzusunda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional şöbəsinin baş məsləhətçisi Əzim Rəbiyev “Dini ekstremizm və radikalizmə qarşı mübarizə“ mövzusunda məruzələrlə çıxış ediblər. Hər iki məruzəçinin çıxışında ifratçı cərəyanlara və ekstremist dini təriqətlərə qarşı mübarizədə dövlət orqanlarının və ictimaiyyətin üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb.
     Tədbirdə Kollecin Həmkarlar İttifaqı komitəsinin sədri dosent İbrahim Əyyubov “Müstəqil Respublikamızda milli-mənəvi dəyərlərimiz dövlətçiliyimizə xidmət etməlidir”, kollecin tarix müəllimləri Tünzalə Nuriyeva “Milli-mənəvi dəyərlərimizin qayğısı” və Eldar Dərişov “Gənclik dini fanatizmə yox deyir!” mövzuları üzrə çıxışlar ediblər. Bütün çıxışlarda dini dəyərlərimizin qorunması, gənc nəsil arasında təlim-tərbiyə işinin düzgün təşkili ön plana çəkilib.
      Tədbir məruzələr ətrafında dolğun fikir mübadiləsi şəraitində işini başa vurub.

Keçidlər