Şriftin ölçüsü :

Saytın rəngi :

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib

06 noyabr 2015 | 16:00

Noyabrın 6-da Mingəçevir şəhərində İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlara Kömək Milli Fondunun nümayəndələri Gənclər Evində mingəçevirli sahibkarlarla görüşüb. Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair təşkil olunan işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Mingəçevirdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib. Yüzdən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində  Mingəçevir şəhərinin iqtisadi potensialının reallaşdırılması məqsədilə plastik qapı-pəncərə, üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
     Sahibkarlara Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev regionlarda sahibkarlığın inkişaf etdirilməsi üçün davamlı tədbirlərin keçirildiyini bildirib. Qeyd edib ki, indiyədək Mingəçevirdə fəaliyyət göstərən 164 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 8,5 mln. manat güzəştli kredit verilib və bu kreditlər hesabına 1160-dan çox yeni iş yerinin açılması mümkün olub. Ümumilikdə isə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 11500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 462 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı,  quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və digər sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 36800-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
     İşgüzar forum çərçivəsində güzəştli kredit ayrılan çörək və tikinti materiallarının istehsalı müəssisələrinə baxış keçirilib.

Keçidlər