Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Ahıllar Günü münasibətilə bayram tədbiri keçirildi

01 oktyabr 2015 | 15:00

1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyətinin və şəhər Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təşkilatçılığı ilə ahıllar üçün bayram tədbiri keçirildi. Mərkəzin direktoru Elçin Abdullayev və Sosial Məişət Sektorunun müdiri Vahid Tanırverdiyev qocaları təbrik edib, can sağlığı arzuladılar. 
     Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov tədbir iştirakçılarına şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun salamlarını və təbriklərini çatdırdı. O, BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, hər il oktyabrın 1-inin Beynəlxalq Ahıllar Günü kimi təsis edildiyini deyərək, ölkəmizdə yaşlı vətəndaşların, tənha və kimsəsizlərin daim diqqət və qayğı ilə əhatə olunduqlarını, onların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması sahəsində dövlətimiz tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini dedi. İlham İsmayılov yaşlı nəslin nümayəndələrinin dünyagörüşünə, həyat təcrübəsinə, məsləhətlərinə daim ehtiyac duyulduğunu xatırlatdı və qeyd etdi ki, ahılların hərtərəfli dövlət qayğısı ilə təmin olunması, onların maddi və mənəvi tələbatlarının ödənilməsi ümummilli lider Heydər Əliyevin sosial siyasət kursunun tərkib hissəsidir və bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bir sıra dövlət proqramlarına uyğun olaraq, ötən müddətdə ahılların sosial müdafiəsi sahəsində mühüm işlər görülüb. Respublikamızda “Beynəlxalq Ahıllar Günü”nün qeyd olunmasının əsas məqsədlərindən biri də  ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq,  onlara diqqət və qayğı göstərmək, əhval-ruhiyyələrini yüksəltmək və yaşlı nəslin nümayəndələrinə olan sevgini bir daha nümayiş etdirməkdir.
    Tədbirdə iştirak edən ahıllardan Şubay Ağamirov, şəhərin qurucularından olan Saray Məmmədova, Dünya nənə, Məhəmməd baba və digərləri şəhərin köhnə sakinləri kimi Mingəçevirdə aparılan abadlıq və quruculuq işlərindən məmnun olduqlarını bildirdilər. Onlar qocalara daim qayğı ilə yanaşan və onları unutmayan şəhər rəhbərliyinə minnətdarlıq etdilər və gənclərin ağsaqqallardan hər zaman nümunə götürmələrini məsləhət gördülər.
      Tədbir şən musiqi sədaları altında davam etdi.

Keçidlər