Mingəçevir Dövlət Universitetində yeni tədris ilinin ilk günü
Sentyabrın 15-də yeni tədris ilinin başlaması münasibətilə Mingəçevir Dövlət Universitetdə professor və müəllim heyəti ilə yüksək bal toplayaraq bu ali təhsil müəssisəsinə qəbul olunmuş tələbələrin görüşü keçirilmişdir. Görüşdən öncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir Dövlət Universitetinin rektor əvəzi Akif Hacıyev tələbələrlə birgə ulu öndərimiz Heydər Əliyevin unversitetinin foyesində qoyulmuş büstü önünə gül dəstələri qoydular.
Universitetin akt zalında keçirilən tədbiri giriş sözü ilə açan Akif Hacıyev qonaqları, professor və müəllim heyəti və universitetə ilk qədəmlərini qoyan tələbələri salamladı.
Dövlət himni səsləndikdən sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək qeyd etdi ki, ölkə rəhbəri cənab İlham Əliyevin 24 iyul 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universiteti yaradıldı. N.Bayramov Universitetin yaranmasına böyük diqqət və qayğısı olan cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi. Tələbə adını qazanan gəncləri və onları işıqlı gələcəyə aparan professor və müəllim heyətini təbrik edərək onlara təhsilin çətin və mürəkkəb yollarında uğurlar dilədi.
Millət vəkili Aydın Mirzəzadə Mingəçevirin belə bir ali təhsil müəssisəsinə ehtiyacı olduğunu qeyd edrək bildirdi ki, Mingəçevir ziyalılar şəhəri kimi özünü təsdiqləyib. Tədbirdə birinci kurs tələbələrindən Ayşən Məmmədli, Ədalət Məmmədov, valideyn Məlahət İsmayılova çıxış edərək onlara gösərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Sonda tələbə adı qazanan bir qrup gəncə tələbə biletləri, gül və hədiyyə təqdim olundu.