Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə təhsil işçilərinin konfransı keçirilib

10 sentyabr 2015 | 15:00

Sentyabrın 10-da Heydər Əliyev Mərkəzində Mingəçevir müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfrans uşaq və texniki yaradıcılıq mərkəzlərinin əl işlərinə baxışla başlayıb. Sonra Azərbaycanın Dövlət himni səslənib və  məktəblilər konfrans iştirakçılarını salamlayıb.
     Təhsil şöbəsinin müdiri Sahib Məmmədov “2014-2015-ci dərs ilinin yekunları və Mingəçevir şəhər təhsil işçilərinin qarşısında duran vəzifələr” barədə ətraflı məruzə edib. Qeyd edib ki, bu il orta  məktəbi bitirənlərin 77 %-i qəbul imtahanlarına qatılıb, onların 62,2%-i  (399 nəfər) tələbə adını qazanıb. Bu, əvvəlki illə müqayisədə 9,9 % yüksək  nəticə deməkdir. Cəmi 3 il qabaq qəbulun 47% olduğunu nəzərə çatdıran natiq idman və digər sahələrdə də nəzərə çarpacaq irəliləyişlər əldə edilməsindən də söhbət açıb: “6 məzunumuz qızıl, bir məzunumuz gümüş medala layiq görülüb, 2 təhsil ocğımız “İlin ən yaxşı məktəbi”, bir pedaqoqumuz  “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub”. 
     Məruzə ətrafında şəhər liseyinin direktoru Aidə İsmayılova, ŞTŞ-nın metodisti Səbinə Quliyeva, Texniki Humanitar Liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aygün Novruzova, valideyn Könül Əmiraslanova, şəhər liseyinin 652 bal toplamış məzunu Etibar Abbasov  çıxış ediblər. Müəllimlərdən  Natəvan Mustafayeva, Ünnü Ağayeva və başqaları alternativ dərsliklərin təhsil müəssisələrində kütləvi şəkildə istifadəsinə başlanmadığından, sağlamlıq imkanları məhdud olan yuxarı yaşlı uşaqların  təhsildən kənarda qaldığından, Mingəçevirdə müəllimlərin sınaq qiymətləndirilməsinin aparılmadığından narahatlıqlarını bildiriblər.
     Təhsil Nazirliyinin Əlavə təhsil sektorunun müdiri Zöhrab Kəlbəliyev sualları cavablandırıb və bir sıra məsələlərə aydınlıq gətirib. O, yuxarı siniflərdə fiziki qüsurlu uşaqların təhsili üçün ayrı-ayrı fənlər üzrə müəllim köməkçisini təyin etməyə maliyyə imkanı olmadığını, alternativ dərsliklərlə əlaqədar hələlik pilot məktəblər seçildiyini, yaxın vaxtlarda bölgələrdəki məktəblərin müəllimlərinin də sınaq qiymətləndirilməsinin aparılacağını diqqətə çatdırıb. 
      Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bir qrup təhsil işçisinə İH adından Fəxri Fərmanları  təqdim edib.


 

Keçidlər