Mingəçevirdə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusunda tədbir keçirilib
Sentyabrın 3-də Mingəçevir şəhər İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusunda tədbir keçirilib. Şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Ramiz Əliyev ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşdırılmasında ulu öndər Heydər Əliyevin xidmətlərindən, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirilib ki, bu gün yaşlı nəslin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların gənclərə örnək olması üçün dövlət tərəfindən bir sıra layihələr həyata keçirilir. R.Əliyev qeyd edib ki, bu siyasət Mingəçevir şəhərində də uğurla icra olunur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova təmsil etdiyi qurumun bu istiqamətdə həyata keçirdiyi işlər barədə məlumat verib. Vurğulanıb ki, ölkəmizdə ailə institutu dövlət siyasətinin prioritet istiqamətlərindədir. Bölgələrdə bu mövzuda tədbirlərin keçirilməsinin əsas məqsədi yaşlı nəsil ilə gənclər arasında dialoq qurmaqdan ibarətdir. Komitə sədrinin müavini müasir ailələrin üzləşdikləri problemlərdən də söz açaraq milli mənəvi dəyərlərin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində yaşlı nəslin təcrübəsindən daha çox istifadə edilməsinin vacibliyini diqqətə çatdırıb, ailə dəyərlərinin qorunmasında dövlət və qeyri-hökumət strukturlarının, ağsaqqal və ağbirçəklərin, eyni cəmiyyətin bütün üzvlərinin səfərbər olunmasının vacibliyini qeyd edib.
Tədbirdə gənclərdə milli-mənəvi dəyərlərin formalaşmasında yaşlı nəslin rolu, erkən nikahın fəsadları, təhsildən yayınma hallarının qarşısının alınması və digər mövzularda məruzələr dinlənilib. Şəhər ziyalıları çıxış edərək valideynlərin öz ailələrinə məsuliyyətlə yanaşmasının, xüsusilə ailə başçısının öz mədəniyyəti, tərbiyəsi ilə nümunə olmasının, ailə münasibətlərinin formalaşması və inkişafında yaşlıların təcrübəsindən faydalanmağın əhəmiyyətini qeyd ediblər. Gənc nəslin nümayəndələri də öz növbəsində ailə həyatı qurarkən yaşlı nəslin məsləhətinə qulaq asmağın vacibliyini bildirib, bu cür tədbirlərin davamlı olmasını arzulayıblar.
Daha sonra Mingəçevirdə bu sahədə görülən işlər və həyata keçirilən layihələrin icrası ətrafında müzakirələr aparılıb.
Tədbirin sonunda iştirakçılara komitə tərəfindən çap olunmuş kitab, buklet və jurnallar paylanılıb, təhsil, mədəniyyət müəssisələri və gənclər təşkilatlarında nümayiş etdirilməsi nəzərdə tutulan filmlərin diskləri təqdim olunub.