Ədliyyə naziri Mingəçevirdə vətəndaşlarla görüşüb
Avqustun 28-də Ədliyyə naziri Fikrət Məmmədov Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində Mingəçevir və Naftalan şəhərləri, Yevlax və Goranboy rayonlarında yaşayan vətəndaşlarla görüşüb. Görüşdən əvvəl nazir Fikrət Məmmədov və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Görüş zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Həmçinin ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.