Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Fərid Ağayevin medalı anasına təqdim olunub

21 avqust 2015 | 15:00

Düşmənin həmləsini dəf edərkən qəhrəmancasına həlak olan əsgər Fərid Ağayevin təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal onun ailəsinə təqdim olunub. Bu münasibətlə avqustun 21-də keçirilən tədbirdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin, şəhidin xidmət etdiyi “N” saylı hərbi hissənin, Şəhər İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə şəhidin xatirəsi ehtiramla yad edilib, məzarı üstünə əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Mərasimdə Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani çıxış edib. O bildirib ki, 2014-cü ilin iyulunda Mingəçevir şəhərindən hərbi xidmətə çağırılan 1994-cü il təvəllüdlü Fərid Ağayev 2015-ci il fevralın 5-də Ağdam istiqamətində gedən döyüşlər zamanı düşmən həmləsini dəf edərkən qəhrəmancasına şəhid olub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə şəhid Fərid Ağayev ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Çıxışlardan sonra polkovnik Abdulla Qurbani medalı şəhidin anası Gülmirə Ağayevaya təqdim edib. Bildirilib ki, Fərid kimi qəhrəman oğullarımızın qisası yerdə qalmayacaq və hər bir şəhidin xatirəsi daim uca tutulacaq.

Keçidlər