Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin su və kanalizasiya sistemlərinin yenidən qurulması uğurla davam edir

05 oktyabr 2012 | 15:00

Ötən il oktyabrın 4-dən şəhərin su-kanalizasiya sisteminin yenidən qurulmasına başlanılıb. İçməli su və kanalizasiya sistemlərinin standartlara uyğun olmaması əhaliyə göstərilən xidmətin səviyyəsini aşağı salırdı. Bu da sakinlərin haqlı narazılığına səbəb olurdu.
«Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi» əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 120,5 min (mövcud 99 min) nəfər üçün hesablanmışdır. Əhalini standartlara uyğun su ilə təmin etmək məqsədilə layihədə yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 30 min kubmetr olacaq ultrasüzgəcli təmizləyici qurğu inşa olunacaqdır. Layihə çərçivəsində şəhərin özüaxımlı rejimdə su təchizatının aparılması üçün 15 min kubmetr həcmində su anbarı, ümumi uzunluğu 250 km olan müxtəlif diametrli paylayıcı şəbəkə tikiləcəkdir. Şəhərdə yaranacaq çirkab suların toplanması üçün uzunluğu 223 km-ə qədər kanalizasiya şəbəkəsi inşa olunacaq, 3 ədəd kanalizasiya nasos stansiyası tikiləcəkdir. Yaranacaq çirkab sular toplanaraq məhsuldarlığı sutkada 25 min kub metr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir. Qeyd edək ki, yenidənqurma işləri dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Prezident İlham Əliyevin təsdiqlədiyi “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının tərkib hissəsi olan bu layihə üzrə işlər 2013-cü ildə başa çatdırılacaq, istehlakçılar dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacaqlar.
Məlumat üçün bildirək ki, dünya praktikasında az bulanıqlı suların təmizlənməsi üçün iqtisadi cəhətdən səmərəli və avtomatik idarə oluna bilən ultrasüzgəcli qurğulardan istifadə olunur. Ənənəvi qum filtrlərindən fərqli olaraq, bu tip ultrasüzgəclər suyun tərkibindəki 0,01 mikron ölçüdən böyük hissəcikləri, suda olan bütün zərərli mikrobları və bakteriyaları tutaraq saxlayır. Bununla da suyun təbii mineral tərkibi saxlanılmaqla, onun daha yaxşı təmizlənməsi, xoşagəlməz iy və dadların aradan qaldırılması təmin edilir. Ultrasüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlordan istifadə etməklə zərərsizləşdirilməsinə ehtiyac qalmır. Burada emal olunacaq su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verəcək.
İlkin olaraq işlər şəhərin Tərəvəzçilik savxozu, Energetiklər qəsəbəsi və Günəşli yaşayış massivində başlanılıb. İşin icrasını «Hidrolotos» MMC-nin kollektivi aparır. Dünya standartlarına uyğun şəkildə görülən işlər xüsusi layihə əsasında və Almaniya təcrübəsindən istifadə olunaraq aparılır. Su təchizatı və kanalizasiya sistemlərinin tam yenidən qurulmasında uzunömürlü və tutulma ehtimalı olmayan borulardan istifadə olunur. Bildirək ki, aparılan işlər çərçivəsində kanalizasiya xətlərinin lyukları da yenilənir.
 

Keçidlər