Mingəçevir Şəhər Tarix Muzeyinin açılışı olub
İyulun 15-də şəhərin Heydər Əliyev parkında yerləşən Mingəçevir Şəhər Tarix Muzeyinin açılış mərasimi olub. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini İlham İsmayılov çıxış edib. Nazir bildirib ki, Mingəçevir şəhərinin ərazisi qədim və zəngin tarixə malikdir. Burada turizmin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar var. Mingəçevir şəhər Tarix Muzeyinin fəaliyyətinə xüsusi önəm vermək lazımdır. Çünki, bura regionda ən çox eksponatı olan muzeydir. Bu muzeyə turistlərin marağı da böyükdür. Qədim Mingəçevirin tarix və mədəniyyətini özündə əks etdirən bu muzeyin yeni bina ilə təmin olunması Prezident İlham Əliyevin Azərbaycanda milli mədəni irsin qorunması və təbliğ olunması istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq görülən işlərin tərkib hissəsidir. 1968-ci il yanvarın 11-də cəmi 50 eksponatla fəaliyyətə başlayan Mingəçevir Şəhər Tarix Muzeyində hazırda 15 mindən artıq eksponat sərgilənir. Qədim və müasir Mingəçevir bölmələrindən ibarət olan muzey binasının ümumi sahəsi 720 kv.metrdir.
Muzeyin direktoru Nofər Məmmədəliyevin sözlərinə görə 1946-53-cü illərdə görkəmli arxeoloq alim Saleh Qazıyevin rəhbərliyi altında Bozdağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış arxeoloji qazıntılar zamanı Eneolit dövründən başlayaraq (e.ə. III minillikdən XVII əsrədək) ayrı-ayrı tarixi dövrləri əks etdirən 20 minə qədər maddi-mədəniyyət nümunələri aşkarlanıb. Bunların arasında katakomba, taxta qutu və küp qəbirlər, məişət və bəzək əşyaları, pul sikkələri, tuncdan düzəldilmiş müxtəlif silah növləri vardır. Bu eksponatlar tədqiqat üçün AMEA-nın Tarix İnstitutuna göndərilib. Həmin maddi-mədəniyyət nümunələrindən yalnız 50-si Mingəçevirdə eksponat kimi saxlanılıb. Bu əşyalar əsasında formalaşdırılan muzey sonrakı illərdə daha da genişlənib. Hazırda muzeydə Mingəçevir ərazisinin qədim flora və faunasını əks etdirən ekspozisiyalar, 1946-53-cü illərdə aparılan arxeoloji qazıntı işləri zamanı çəkilən foto-şəkillər, Mingəçevir İstilik Elektrik Stansiyasının tikilməsi ilə bağlı foto-şəkillər, Mingəçevir Su Elektrik Stansiyasının maketi, XIX-XX əsrə aid təsərrüfat və məişət qabları, həmin dövrə aid Azərbaycan qadını və kişisinin milli geyimləri maraq doğurur. Muzeyin müasir Mingəçevir şöbəsində isə XX əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikasının yaranması tarixindən indiyə qədərki ictimai-siyasi hadisələri əks etdirən ekspozisiyalar da diqqəti cəlb edir. Muzeydə 20 Yanvar və Xocalı faciələrinə aid materiallar da nümayiş olunur.
Çıxışlardan sonra muzeyin açılışını bildirən rəmzi qırmızı lent kəsilib, muzeyə baxış keçirilərək eksponatlarla tanışlıq olub.