“Azərişıq” ASC Mingəçevirdə zona müşavirəsi keçirib
Mayın 26-da “Azərişıq” ASC Mingəçevirdə zona müşavirəsi keçirib. Mərkəzi Aran regionunun icra strukturlarının, rayon və şəhər elektrik təchizatı idarələrinin rəhbərlərinin iştirak etdiyi tədbirdə son aylar enerji sisteminin təchizatı ilə bağlı Mingəçevir və Naftalan şəhərləri, eləcə də Tərtər, Bərdə, Yevlax, Goranboy, Ucar, Ağsu, Göyçay, Ağdaş rayonlarında görülən irimiqyaslı işlər müzakirə edilib.
Görüş iştirakçıları əvvəlcə Mingəçevir şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər, abidəsi önünə əklil və gül dəstələri qoyublar. Görüşü açan Mingəçevir ŞİH-in başçısı Niyazi Bayramov keçiriən görüşün əhəmiyyətindən və son aylar enerji sisteminin təchizatı ilə baglı Azərbaycanın regionlarında, eləcə də Mingəçevir şəhəri və Mərkəzi Aran rayonlarında görülən iri miqyaslı işlərdən danışıb.
“Azərişıq” ASC-nin sədri Baba Rzayev bildirib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamdan irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi məqsədilə Cəmiyyət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir. Mövcud vəziyyətin monitorinqi aparıldıqdan sonra “Azərişıq” ASC tərəfindən ilkin olaraq reabilitasiya planı hazırlanaraq həyata keçirilməsinə başlanılıb. “Azərişıq”ASC tərəfindən Bakı, Şimal, Qərb, Cənub, Aran, Mərkəzi Aran və Şimal-Qərb regional idarələri yaradılıb. Reabilitasiya proqramına əsasən I mərhələdə regionlarda istehlakçıların fasiləsiz enerjiyə daha çox tələbatı olan region, şəhər, kənd və qəsəbələrdə 600 ədəd 10 kV-luq komplekt transformator məntəqələrinin quraşdırılmasına başlanılıb. Əsas görüləcək işlər regionların elektrik enerjisi ilə təchizatı işində əsaslı dönüşü nəzərdə tutan perspektiv inkişaf proqramı çərçivəsində həyata keçiriləcək. Təhvil alınan elektrik təchizatı şəbəkələri demək olar ki, yenidən qurulacaq və Bakı şəhərində olduğu kimi, regionlarda da elektrik şəbəkələrinin yeni, müasir infrastrukturları yaradılacaq.
Cəmiyyətin sədri ölkənin enerji infrastrukturunun yenilənməsi ilə bağlı Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında çoxtranşlı kreditin ayrılmasına dair niyyət protokolunun imzalandığını və yenidənqurma işlərinin isə Səhmdar Cəmiyyətinin daxili vəsaitləri hesabına aparıldığını da ğörüş iştirakçılarının diqqətinə çatdırdı.
Sonra Cəmiyyətin Texnoloji İnformasiya İdarəsinin rəisi Qalib Həmidov “Azərişıq” ASC-nin Mərkəzi Aran regionu üzrə mövcud vəziyyətin təhlili və görüləcək işlər barədə təqdimatla çıxış etdi. Elektrik ötürücü xətlərinin istismar vəziyyəti, elektrik enerjisi istehsalı və yığımı, şəbəkənin ticari və texniki itkiləri, sayğaclaşmanın vəziyyəti, elektron ödəmələrin tətbiqi və elektron xidmətlərə qoşulma haqqında geniş məlumat verdi.
Mərkəzi Aran regionun icra strukturlarının rəhbərləri müşavirədə çıxış edərək keçirilən bu cür görüşlərin dəyərli olduğunu söylədilər. Hər bir iştirakçı təmsil etdiyi rayonun mövcud problemləri və görülən işlərdən danışdı. Qeyd olundu ki, “Azərişıq” ASC tərəfindən aparılan reablitasiya tədbirləri əhalinin enerji təchizatında çox böyük dəyişiliklər yaradıb. Bu da son nəticədə sakinlərin etibarlı və keyfiyyətli enerji təminatına müsbət təsir göstərib.