Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Sosial Müdafiə Fondu Mingəçevirdə zona müşavirəsi keçirib

25 may 2015 | 15:00

Mayın 25-də Dövlət Sosial Müdafiə Fondu Mingəçevirdə zona müşavirəsi keçirib. Tədbirdə Mingəçevir, Yevlax şəhərlərinin və Oğuz rayonunun sosial sığorta ödəyiciləri və pensiyaçıları iştirak edib. Dövlət qulluqçularının sosial sığortalanması və pensiya təminatı məsələləri ilə bağlı ətraflı aparılan müzakirələrdə sığorta olunanların və pensiyaçıların çoxsaylı suallarına aydınlıq gətirilib. DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, ölkəmizdə sosial həyatın  bütün sahələrində, o cümlədən sığorta- pensiya sistemində davamlı inkişafa nail olunub. Həyata keçirilən islahatlar çərçivəsində 2006-cı ildən etibarən dövlət qulluqçularının fərdi uçot sistemi ilə əhatə olunmasına və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu əsasında pensiya təminatına başlanılıb. Nəticədə dövlət qulluğunda çalışmış şəxslərə pensiyaların təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşındakı artımlara uyğun yenidən hesablanır. Dövlət qulluqçularının fərdi hesablarına toplanan sosial sığorta haqları ilə bağlı sualları cavablandıran şöbə müdiri diqqətə çatdırıb ki, həmin şəxslərə ilk növbədə fərdi uçot məlumatları əsasında ümumi qaydada pensiya hesablanır, sonra isə həmin məbləğ dövlət qulluğunda xidmət illərindən asılı olaraq müəyyən edilən həddə çatdırılır.
   Çıxış edən Fondun əməkdaşı Azəri Məmmədov dövlət qulluqçusu kimi pensiyaya çıxma şərtləri ilə bağlı yaranan bir çox suallara aydınlıq gətirib. Dövlət qulluqçusunun müraciət etdiyi vaxt mövcud olmayan vəzifələrin uyğunlaşdırma siyahısında nəzərdə tutulmayan vəzifələr, xidmət illərinə görə qulluq əlavəsinin faizləri, ixtisas dərəcəsi əlavəsinin nəzərə alınması, işləyən dövlət qulluqçularına əlavələrin ödəniş qaydası və digər bu kimi məsələlər barədə iştirakçılarla geniş izahat aparılıb.
   Diskussiyalarla davam etdirilən regional vətəndaş forumunda Fondun fəaliyyət istiqamətləri barədə geniş məlumatdan sonra iştirakçıların mövzu ilə bağlı əlavə sualları cavablandırılıb, təklifləri müzakirə olunub.

Keçidlər