Müəllimlərin sentyabr konfransı
Sentyabrın 11-də Texniki liseyin akt zalında şəhərin təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir.Təhsil şöbəsinin müdiri Nazir Sultanov geniş hesabat məruzəsi ilə çıxış etmişdir. Mingəçevirdə təhsil müəssisələrinin şəbəkələrinin fəaliyyəti barəsində və ümümilikdə qazanılan uğurlarla işdə olan müəyyən qüsurlar barəsində danışan şöbə müdiri konkret faktlar iştirakçılarının diqqətinə çatdırmışdır. Şəhərin təhsil müəssisələrinə 12 minə yaxın şagird cəlb olunmuşdur. Məktəbdən kənar müəssisələrdə isə 1400 dən çox uşaq təlim-tərbiyə ilə əhatə olunmuşdur. Diqqətəlayiq haldır ki, tədrisin keyfiyyətini yüksəltmək, şagirdlərin bilik səviyyələrini artırmaq üçün müasir metodlardan geniş istifadə olunmuşdur. Təhsilin dövlət standartları və proqramlarının pedaqoji işçilər tərəfindən öyrənilməsi məqsədilə açıq dərslər, semminarlar təşkil edilmiş, uğur qazanan müəllimlərin iş təcrübəsi yayılmışdır. Kurrikulum kurslarını bitirən müəllimlər 1 və 2-ci dərəcəli sertifikatlar almışlar. 182 nəfər müxtəlif fənn müəllimləri ixtisasartrma kursları keçmiş, 287 nəfər kompyüterdə öz biliklərini zənginləşdirmişlər. Mingəçevirli məktəblilər bir sıra müsabiqə və yarışlarda fəxri yerlər tutmuşlar. 997 nəfər imtahanları müvəffəqiyyətlə verərək şəhadətnamə almışdır. Ali təhsil müəssisələrinə qəbulun nəticələri də ötən dərs ilinə nisbətən xeyli yüksəkdir. Qəbul olunma 55 faiz təşkil edilmişdir. Bu rəqəm ötən il 48 faiz olmuşdur. 8 nəfər şagird 600-700 intervalında bal toplamışlar.
Ötən tədris ilində məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə diqqət artırılmışdır. Məktəblərə və məktəbdənkənar müəssisələrə 47 min 630 manat yeni inventar verilmiş, 3 nömrəli tam orta məktəbin yeni korpusu istifadəyə verilmiş, 17 məktəb sürətli internetlə təmin edilmişdir. Bundan başqa hazırda 6 və 11 nömrəli məktəblər əsaslı təmir edilir. 11 nömrəli tam orta məktəbdə təmir işləri başa çatır. Büdcə vəsaiti hesabına 198346 min manat, yumşaq inventar 63441 min manat , yeni avadanlıqlar 129625 min manat, elecə də digər avadanlıqlar üçün 31330 min manat vəsait xərclənmişdir. Təhsil naziri tərəfindən şagirdlərə (1 və 5-ci sinifdən başqa) 18 min dərslik gətirilmişdir və hazırda paylanılır.
Məruzə ətrafında çıxış edənlər Mingəçevir təhsilinin öncül yerə çıxması üçün qarşıda duran əsas vəzifələr barəsində danışdılar. 7 nömrəli orta məktəbin direktoru Aidə İsmayılova, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Ədalət Quliyeva, Texniki məktəbin müəlliməsi Sevda İsmayılova, qəbul imtahanlarında 665 bal toplamış 10 nömrəli məktəbin məzunu Xanım Həsrətli, şəhər məktəbləri arasında hamıdan yüksək—666 bal toplamış təbiət-riyaziyyat və humanitar təmayüllü liseyin məzunu Sumayə Məmmədova öz çıxışlarında qeyd etdilər ki, təhsilin səmərəliyini və keyfiyyətini yüksəltmək üçün geniş imkanlar vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyləri nəticəsində bütünlükdə Azərbaycan təhsilində dünya standartları tətbiq edilir, müasir məktəblər tikilib istifadəyə verilir, İnfarmasiya və texnologiya sahəsində müasir metodlardan geniş istifadə olunur.
Konfransın işində iştirak edən şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilk öncə Respublikamızın rəhbəri Prezident İlham Əliyev cənablarının yeni nəslin hərtərəfli inkişafı naminə göstərdiyi xidməti yüksək dəyərləndirərək qeyd etdi ki, son illərdə ölkəmizin bütün sahələrində yenidənqurma işləri sürətlə davam etdirilir, müasir sənaye strukturları yaradılır, rabitə və informasiya texnologiya şəbəkələri genişləndirilir, təhsildə, səhiyyədə, mədəniyyətdə köklü islahatlar aparılır, yeniyetmələrin və gənclərin inkişafı naminə genişmiqyaslı proqramlar həyata keçirilir.
Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qəbul imtahanlarında yüksək bal toplayanlara qiymətli hədiyyələr təqdim etdi.