14 mart 2024-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü oldu.
14 mart 2024 | 16:43
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü martın 14-də 12 nömrəli orta məktəbin akt zalında oldu. Görüşdə əraziyə yaxın Günəş küçəsinin və yaşayış binalarının sakinləri, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak edirdilər. Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qarşıdan gələn Novruz bayram münasibəti ilə təbriklərini çatdırdı. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionlarda aparılan yenidənqurma və quruculuq işlərindən bəhs etdi. Qeyd olundu ki, Mingəçevirdə abadlıq-quruculuq işləri yüksək səviyyədə davam etdirilir. Cari ilin əvvəlində İcra Hakimiyyətində hazırlanan tədbirlər planına əsasən şəhərimizin bütün ərazilərində, yaşayış massivlərində əsaslı təmir işlərinin keçirilməsi nəzərdə tutulur. Park və istirahət məskənlərində quruculuq işlərinin çərçivəsi genişlənir. Nümunəvi məhəllələrin yaradılması vətəndaşların ürəyincədir. Bu məqsədlə il ərzində yeni uşaq meydançaları yaradılacaq, işıqlanma dirəkləri qoyulacaq, yaşıllıq zolaqları genişlənəcək, ağac tingləri və dekorativ gül kolları əkiləcək, söhbətgahlar hazırlanacaq, oturacaqlar qoyulacaqdır. Ölkə Prezidentinin tapşırığına əsasən şəhərimizdə vətəndaşların rahatlığı üçün hər cür şəraitin yaradılmasına çalışırıq. Sakinlərin fikir və təkliflərini, qarşılaşdığınız problemlərin həllinə nail olmaq üçün bu cür görüşlərin keçirilməsi işlərimizə yardımçı olur. Çıxış edən sakinlər həyata keçirilən quruculuq işlərinə ğörə ölkə prezidentinə minnətdarlıq etdilər. Problemlərdən danışıldı. Qeyd olundu ki, bəzi yerlərdə yollar bərbaddır, kanalizasiya xəttinin çəkilişindən sonra asfaltlanmayıb, yağışlı günlərdə bəzi binaların dam örtüyündən su sızır, Şəhidlər muzeyinin təmirinə ehtiyac var, binaların ümumi istifadə sahələri əsaslı təmir olunmalıdır, pəncərə çərçivələri və giriş qapıları qoyulmalıdır və s. Qaldırılan hər bir problemə münasibətini bildirən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov aparatın məsul əməkdaşlarına, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlarını verdi. Bildirdi ki, sakinləri narahat edən bütün problemlərin həlli nəzarətə götürülməklə qısa vaxtda həllinə nail olunacaqdır.