Şriftin ölçüsü :

Saytın rəngi :

“14 iyul 1969-cu il müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” münasibətilə dəyirmi masa keçirildi.

14 iyul 2023 | 15:48

İyul ayının 14-də Mingəçevir Gənclər Evində Mingəçevir şəhər İcra Hakimiyyətinin xətti ilə “14 iyul 1969-cu il müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib. Tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmılş Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirmişlər. Ulu Öndər Heydər Əliyevin, dövlətçiliyimiz, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad elunub. Dəyirmi masanı açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, bu il “Heydər Əliyev ili” çərçivəsində şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının, dövlətçiliyimizin tarixində müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Onun Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə, istər sovetlər dövründə, istərsə də müstəqillik dövründə milli adət ənənələrimizin, mədəniyyətimizin, təhsilimizin, elmimizin, dilimizin, ideologiyamızın, ümumilikdə bütün sahələrin inkişaf etdirilməsində mühüm rolu olmuşdur. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızın sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. XX yüzilliyin 60-cı illərində Azərbaycanda durğunluq hökm sürürdü, respublika iqtisadi göstəricilərinə görə ittifaq miqyasında sonuncu yerlərdən birində idi. Bu acınacaqlı vəziyyətə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra son qoyulmasına başlandı. 1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi daxil oldu. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, Ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, sivilizasiyaların qovşağında Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar kimi tanıdılması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələridir. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Bu illərdə Ümummilli Liderin milli-mədəni inkişaf və tarixi yaddaşımızın bərpası istiqamətində gördüyü misilsiz işlər xalqımızda milli ruhun canlanmasını, özünüdərki və soy-kökə qayıdışı təmin etdi. Ulu öndər azərbaycançılığı milli ideologiyaya çevirməklə vətəndaş həmrəyliyini və ölkəmizin mənəvi bütövlüyünü yaratmışdır. Onun fəaliyyəti Azərbaycanda milli oyanışa, dirçəlişə, inkişafa səbəb olmuşdur. Məhz ona görə də Ulu öndərin hakimiyyətə gəlişi ilə milli intibahımızın oyanışının başlandığını demək düzgün olardı. Ulu öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə ən böyük xidmətlərindən biri 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbitinə nail olması idi. Heydər Əliyev elmin inkişafına və təhsil səviyyəsinin qaldırılmasına böyük diqqət yetirirdi. Bu dövrdə Azərbaycanda onlarla yeni elmi-tədqiqat müəssisələri yarandı. Dahi şəxsiyyətin müstəsna xidmətlərindən biri də gənclərin Azərbaycandan kənarda ali təhsil almağa yaratdığı şərait idi. Buna görə keçmiş SSRİ-nin 50-dən çox böyük şəhərinin 175-ə qədər nüfuzlu ali məktəblərində 250-dən çox ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc mütəxəssis kimi hazırlandı. 1969-1982-ci illərdə 770-ə qədər məktəb binası istifadəyə verilmiş, respublikada ali məktəblərin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırıldı. Uzaqgörənliyi, fitri istedadı, iti və dərin duyumu hesabına Azərbaycanın gələcək müstəqilliyinin proqnozlaşdıran Heydər Əliyev dövlətçiliyimizin sosial-iqtisadi, ictimai-siyasi və xüsusilə də təhlükəsizliyi sahəsində bir çox tədbirlər həyata keçirmişdir. Həmin dövrdə maneələrə baxmayaraq, milli hərbi kadrların yetişdirilməsi məqsədilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış məktəb təşkil olundu. Ulu Öndər bu məktəbin əhəmiyyəti barədə sonralar belə deyirdi: “Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, Cəmşid Naxçıvanski adına Lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam”. Ulu Öndərimiz həmin dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail oldu. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və digər hərbi məktəblərdə yetişən milli zabit kadrlarımızın Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. 1969-1982-ci illərdə Mingəçevirdə də böyük quruculuq işləri həyata keçirilib. Ulu öndərin şəxsi təşəbbüsü və rəhbərliyi ilə Zaqafqaziyada ən nəhəng İstilik Elektrik Stansiyasının tikintisi həyata keçirilib. Məhz Azərbaycan Kommunist Partiyasının Mərkəzi komitəsinin birinci katibi Heydər Əliyevin çox ciddi cəhdindən, müxtəlif sərəncamverici dövlət orqanlarına güclü təzyiqindən sonra nəhayət ki, Azərbaycan DRES-in 1974-cü ildə tikilməsi qətiləşdi. Buna isə əsas vaxtilə dünyanın iki nəhəng və hegemon dövlətindən biri sayılan Sovet İttifaqı Nazirlər Sovetinin Mingəçevirdə ümumi smeta dəyəri 191,43 milyon manat olan DRES-in tikintisinə dair tarixi sərəncamı oldu. Tikinti Sovetlər birliyinin ümumxalq inşasına çevrildi. "Azərbaycan" İES-in birinci enerji bloku 1981-ci il oktyabrın 20-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş, bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. 80-ci illərin əvvəllərində inşasını hətta SSRİ miqyasında ümumxalq tikintisi səviyyəsinə qaldırmağa müyəssər olduğu bu əzəmətli tikili bu gün də ümummilli liderin bütün qurub yaratdıqları kimi onun nurlu şəxsiyyətinin möhtəşəm abidəsi kimi ucalır. Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində bu stansiyanın inşası prosesinin ümumittifaq səviyyəsində aparılması tikinti prosesinə ən peşəkar mütəxəssislərin cəlb olunmasına, müasir texniki vasitələrdən istifadəyə şərait yaratmışdır. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Azərbaycan xalqının mənəvi dəyərlərinə böyük diqqət yetirilirdi. Nizami Gəncəvi, Əcəmi, Nəsimi, N.Tusi, M.P.Vaqif, Aşıq Ələsgər, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, H.Cavid və başqa görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri, Azərbaycan teatrının 100 illiyi təntənəli şəkildə qeyd olunurdu. Məhz Ulu öndər Heydər Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanın müstəqilliyinə zəmin hazırlanmışdı. Bu günkü Azərbaycanın dövlət suverenliyi və iqtisadi - müstəqilliyinin təməli də həmin dövrdə qoyulmuşdur. Tədbirdə YAP Mingəçevir Şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev “Ulu öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə hakimiyyətə gəlişi Azərbaycanın intibah dövrünün başlanğıcıdır”, MDU-nun müəllimi, Filologiya üzrə fəlsəfə doktoru Xəyalə Abdullayeva “1969-1982-ci illər Azərbaycanın sosial, iqtisadi, mədəni və milli oyanış mərhələsidir”, “Azərbaycan İES” MMC-nin Xüsusi işlər üzrə aparıcı mütəxəssisi Emin Paşayev “1969-1982-ci illərdə Azərbaycanda həyata keçirilən siyasət müstəqilliyə hazırlıq mərhələsi idi”, Mingəçevir Tibb kollecinin müəllimi Çingiz Ağakişiyev “Müstəqil Azərbaycanın uğurları Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasının nəticəsidir” mövzularında məruzələrlə çıxış etmişlər. Tədbirə yekun vuran şəhər rəhbəri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Bütün sahələrdə irəliləyişə nail olunur. Biz özümüzü xoşbəxt hesab edirik, çünki Azərbaycan tarixində son yüzilliklərin ən parlaq qələbə tarixinin və gələcək nəsillərin böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidlərinə çevrildik. Ali Baş Komandanın rəhbərliyi ilə olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, daha da mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. 44 günlük müqəddəs müharibə dövlətimizi və xalqımızı qürurlandırdı. Azərbaycan sadəcə torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdə həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Tədbirin yekununda Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai birliyinin şəhər filialının sədri Əliağa Bəndaliyev Cəmiyyətin təsis etdiyi “Vətənpərvərlik işlərində xidmətlərinə görə” medalını şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova təqdim edir.

Keçidlər