Mingəçevirdə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilb
Mayın 14-də Mingəçevirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib. Tədbirdə şəhərin ictimaiyyət nümayəndələri, bölgədə fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, ilahiyyatçılar iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül-çiçək dəstələri düzüblər.
Konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək maarifləndirmə məqsədilə keçirilən konfransın əhəmiyyətindən, Mingəçevirdəki dini durumdan danışıb, şəhərdə qeydiyyatdan keçən dini icmaların hamısına fəaliyyət göstərmələri üçün lazımi şərait yaradıldığını bildirib.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək ölkəmizdə dövlət-din münasibətləri ilə bağlı ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu, hər kəsin dini etiqad azadlığının qorunduğunu bildirib.
Konfransda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Əli Məmmədov, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının dekanı Nizami Zeynalov ölkəmizdəki dövlət-din münasibətlərindən, dövlətin dinə qayğısından danışaraq dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulayıblar. Natiqlər ənənəvi islam dəyərləri və çağdaş problemlərdən danışıblar, mövzu ilə bağlı müzakirələr aparılıb. Sonra konfrans öz işini plenar iclasda davam etdirib. İki gün davam edən iclasda “Dini maariflənmə və milli-mənəvi dəyərlərin təbliği” və “İslama ənənəvi baxışın qorunmasında radikalizmlə mübarizənin əhəmiyyəti” mövzusunda məruzələr dinlənilib.