3 nömrəli məktəbin yeni korpusunun açılışı
Sentyabrın 15-də bütün təhsil ocaqlarında qələbəlik hökm sürürdü. Birincilər gül-çiçəklə dəstə-dəstə bilik məbədinə axışır, tanış-bilişlər üç aylıq ayrılıqdan sonra yenidən görüşür, musiqi sədaları asimana yüksəlirdi. Məktəbə ilk qədəm qoyan fidan balalar valideynləri xoşbəxt bir məqamın bəxş etdiyi sevinc hissini yaşayırdılar.
Yeni dərs ilinin başlanması gününə həsr edilmiş bütün tədbirlərdə şəhər ictimaiyyətinin nümayəndələri, əmək və müharibə veteranları, İcra Hakimiyyətinin məsul işçiləri iştirak edirdilər. 3 nömrəli orta məktəbə isə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov gəlmişdi. Təntənəni dərs əlaçısı, XI sinif şagirdi Röyal Hacıyev açdı, iştirakçılara məktəb kollektivinin ən xoş sözlərini çatdırdı. Sonra şəhərin tanınmış pedaqoqu, ömrünü yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş məktəbin direktoru Tamara Barataşviliyə söz verildi.
O, ilk öncə tədbir iştirakçılarını əziz gün münasibətiylə təbrik etdi. Ölkədə təhsil sistemini müasir standartlar səviyyəsinə qaldırmaq yolunda çox ciddi səylər göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əvəzsiz xidmətlərindən danışan Barataşvili, təhsilin prioritet vəzifə olduğunu xüsusilə vurğuladı. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyeva təhsilin və xüsusilə yetişməkdə olan gənc nəslin himayəçisi olduğunu əməli işi ilə göstərir.
Toplantı iştirakçılarının alqış sədaları altında şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov rəmzi qırmızı lenti kəsdi.
3 saylı məktəbdə Bilik Gününüə həsr edilmiş mərasimdə Vətəni, müqəddəs torpağımızı vəsf edən mahnılar səsləndi, şeirlər söyləndi, birincilərə gül-çiçək dəstələri verildi, on birincilərə isə yeni həyatda uğurlar arzulandı.