“Azərbaycan Respublikasında sənayenin inkişafı: nailiyyətlər, perspektivlər” mövzusunda konfrans keçirilib
Martın 12-də İqtisadiyyat və Sənaye Nazirliyi Mingəçevirdə “Azərbaycan Respublikasında sənayenin inkişafı: nailiyyətlər, perspektivlər” mövzusunda dövlət qurumlarının, müəssisə və təşkilatların, sənaye sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüş keçiriblər.
Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov Azərbaycanın bölgələrində həyata keçirilən abadlıq-quruculuq işlərinin Mingəçevirdə də sürətlə davam etdirildiyini, sahibkarlıq təşəbbüslərinin dəstəkləndiyini, müasir infrastruktur və istehsal müəssisələrinin yaradıldığını, yeni iş yerlərinin açıldığını və əhalinin həyat səviyyəsinin daha da yüksəldiyini diqqətə çatdırıb.
Azərbaycanın son illər qazandığı sosial-iqtisadi uğurlardan danışan İqtisadiyyat və Sənaye Nazirliyinin sənaye şöbəsinin müdir müavini Ayaz Qədirov qeyri-neft sənayesinin inkişaf etdiyini, onun ixrac imkanlarının genişləndiyini diqqətə çatdırıb. Bildirib ki, müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək sənaye gücləri yaradılır.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin “Mingəçevir Sənaye Parkının yaradılması haqqında” 26 fevral 2015-ci il tarixli Sərəncamına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Parkın yaradılması istiqamətində müvafiq işlərə başlayıb. Sənaye parkının yaradılması şəhər əhalisinin, o cümlədən şəhərdə məskunlaşan qaçqın və məcburi köçkünlərin işlə təmin olunmasında mühüm rol oynayacaqdır.
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin icraçı direktoru Nazim Talıbov dövlət başçısı tərəfindən ölkə iqtisadiyyatının şaxələndirilməsi, onun neftdən asılılığının minimuma endirilməsi üçün ən müasir texnologiyaların gətiriləcəyini, yüksək rəqabət qabiliyyətli məhsulların istehsalının mühüm vəzifə kimi qarşıya qoyulduğunu qeyd edib.