12.10.2023-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə səyyar görüşü oldu
12 oktyabr 2023 | 16:14
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü oktyabr ayının 12-də 11 nömrəli tam orta məktəbdə keçirildi. Tədbirə şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul işiçiləri, idarə və müəssisələrin rəhbərləri, polis şöbəsinin rəisi Ədalət Əliyev, ictimaiyyət nümayəndələri, məktəbə yaxın ərazilərdə yaşayan sakinlər dəvətli idilər. Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkəmizdə və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri haqqında məlumat verərək bildirdi ki, hazırda respublikamızın hər yerində böyük yenidənqurma işləri həyata keçirilir. Yurdumuzun ərazi bütövlüyü və suverenliyi tam təmin olunduqdan sonra məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdışı davam edir. Ölkə rəhbəri cənab İlham Əliyevin tapşırığına uyğun olaraq şəhərimizdə quruculuq işləri sürətlə aparılır. Yeni park və xiyabanların salınması ilə yanaşı uzun illər təmir olunmayan yaşayış binaları qaydaya salınır. Bu ilin sonunadək 56 binanın əsaslı təmiri başa çatdırılacaqdır. Bildirmək istəyirəm ki, indiyədək 446 yaşayış binasından 220-ci əsaslı təmirdən çıxarılmışdır. Şəhərdə kanalizasiya xəttinin çəkilişi, işsizliyin aradan qaldırılması, nümunəvi məhəllələrin yaradılması diqqət mərkəzindıə saxlanılır. Bir sözlə, məqsədimiz insanların nümunəvi istirahətlərinin təşkili, məmnunluq hisslərinin artırılmasıdır. Keçirilən səyyar görüşlərin məqsəd-məramı da sizləri dinləmək, rastlaşdığınız çətinliklərin vaxtnda aradan qaldırılmasıdır. Buna görə də zalda qoyulmuş sərbəst mikrafondan istifadə edərək arzu və istəklərinizi bildirməyi xahiş edirəm. Görüşdə sakinlərdən Nabat Həmidova, şəhid atası Kamil Mövlayev, Fərhad Əhmədov, Gülxarə Məhərova, Ziyafət Cəfərova, Elnurə Cəfərova, Solmaz Əliyeva, Nailə Mustafayeva, Sərdar Mustafayev, Saleh Qasımov, Zakir Süleymanov, Gülü Alməmmədova, Diləfruz Rüstəmova, Zülfiyyə Süleymanova, Binnət Əzizov, Vüqar Məmmədov və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə, şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını ifadə etdilər. Eyni zamanda qarşılaşdıqları problemləri dilə gətirdilər. Diqqət daha çox ərazidə olan nöqsanlara yönəldildi. Təbriz, Mikayıl Müşfiq, Mehdi Hüseyn, Məhsəzi və digər küçələrdəki yaşayış binalarında mövcud olan çatışmazlıqlardan danışıldı. Su-kanalizasiya sisteminin bərbad halda olması, binaların zirzəmilərində antisanitariya vəziyyətinin hökm sürməsi, yataqxananın əsaslı təmirə ehtiyacı olması, vaxtı keçmiş ağacların kəsilməsi və budanması, uşaqların əylənməsi üçün meydançaların olmaması, eləcə də bir sıra şəxsi məsələlər barədə fikirlər söylənildi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan bütün məsələləri diqqətlə dinlədikdən sonra müvafiq izahatlar verdi və aidiyyəti qurunların rəhbərlərinə tapşırıqlarını verdi.