2014-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilib
Fevralın 25-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın “2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş iclası keçirilib. Tədbirdən əvvəl Heydər Əliyevin büstü önünə tər çiçəklər düzülüb, ümummilli liderin xatirəsi yad edilibdir.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hesabat məruzəsində bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə və regionlarda əldə olunmuş yüksək iqtisadi və sosial nailiyyətlər şəhərimizin də inkişafına öz müsbət təsirini göstərmişdir.
Dövlət başçısının göstəriş və tapşırıqlarını fəaliyyət proqramı kimi qəbul edən Mingəçevir şəhər İcra Hakimiyyəti hesabat ilində geniş tədbirlər görmüş və abadlıq işləri aparmışdır. 2014-cü ilin yekunu üzrə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Mingəçevir şəhərinə aid bəndlərinin icrası uğurla davam etdirilmişdir. Hesabat ilində 24 hündürmərtəbəli binanın fasad hissəsində üzləmə, rəngləmə, işıqlandırma və dam örtüyünün əsaslı təmiri işləri aparılıb; prospekt, küçə, meydan və səkilərə yeni asfalt örtük salınıb; meydanlara, parklara, xiyabanlara, dayanacaqlara və səkilərə dekorativ tamet daş döşənib; şəhərin küçələrinə yeni, müasir işıq dirəkləri quraşdırılıb; saniyə göstəriciləri ilə işləyən yeni işıqqforlar quraşdırılıb; müasir dayanacaq və xidmət köşkləri istifadəyə verilib, ticarət sıralarında əsaslı təmir işləri aparılıb; binalarda əhaliyə xidmət göstərən 48 sərnişin liftinin 32-si yeni müasir liftlərlə əvəz olunub; istismara yararsız hala düşmüş yeganə yeraltı keçid əsaslı təmir olunub; əhalinin əsas istirahət guşələrindən olan Teatr meydanı və “Güllü bağ” əsaslı yenidən qurulub, Teatr meydanındakı fəvvarə təmir olunub, “Güllü bağ”a fəvvarə quraşdırılıb, daş və tamet döşənib, işıqlanma sistemləri yenilənib, oturacaqlar qoyulub. Şəhərin Mərkəzi Xəstəxanası əsaslı yenidən qurulub və lazım olan bütün müasir tibbi avadanlıqlarla təmin olunub. Xəstə və kimsəsiz uşaqlar üçün yeni bina inşa edilib və onlar üçün lazımı şərait yaradılıb. 10 saylı tam orta məktəb və 10 saylı uşaq bağçası - körpələr evi əsaslı təmir olunub və lazımi avadanlıqlarla təchiz edilib. Yeni layihə əsasında tam yenidən qurulan Heydər Əliyev meydanında və parkında işlər yüksək sürətlə davam edir və yaxın aylarda nəzərdə tutulan işlər tam həcmdə icra olunacaq. Hesabat ilində Dövlət Proqramına uyğun istilik sisteminin bərpası, su və kanalizasiya xətlərinin yenidən qurulması, şəhərin enerji təminatı və qazlaşma işləri ardıcıllıqla davam edib. Dövlət Proqramına uyğun olaraq Mingəçevir şəhərində Toxuculuq kombinatının ərazisində sənaye parkının yaradılması ilə bağlı artıq sənədləşmə və təşkilatı işlərə başlanmışdır.
Hesabat yığıncağında Maliyyə İdarəsinin rəisi Şahverdi İsfəndiyarov, ƏSMM-nin rəisi Elçin Abdullayev, Azərbaycan İES MMC-nin direktoru Bəhman Nəcməddinov, Təhsil şöbəsinin müdiri Sahib Məmmədov, Mərkəzi Xəstəxananın baş həkimi Yusif Quliyev, Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev, Gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli görülən işlərlə bağlı fikirlərini bildiriblər.
Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov 2014-cü ildə ölkədə aparılan işlərdən və qarşıda duran vəzifələrdən, 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının həyata keçirilməsindən bəhs edib. O, vurğulayıb ki, ilk Avropa Oyunlarının bir hissəsinin Mingəçevirdə keçirilməsi bu şəhərin turizm imkanlarının artması, onun dünyada tanınması baxımından çox əhəmiyyətlidir. Milli Məclisin üzvü Aydın Mirzəzadə fevralın 24-də İcra Hakimiyyəti başçısının Mingəçevirdə görülən işlər barədə ölkə başçısına məlumatını Prezident qarşısında hesabat kimi dəyərləndirib. O, bildirib ki, Bakıdan sonra ancaq Mingəçevirdə Avropa Oyunlarının keçirilməsi, 2000-dən artıq insanı işlə təmin edəcək texnoparkın salınması bu şəhərə və mingəçevirlilərə etimaddan irəli gəlir.
Şura islasının qərar layihəsinin qəbulundan sonra yığıncaq iştirakçıları adından ölkə başçısına müraciət oxunub.
Hesabata ŞİH başçısı Niyazi Bayramov yekun vurub.