Şriftin ölçüsü :

Saytın rəngi :

12 noyabr Konstitusiya Günü münasibəti ilə Mingəçevirdə konfrans keçirilib

12 noyabr 2026 | 15:46

Tədbir iştirakçıları ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər. Şəhər rəsmilərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Konstitusiyamızın müəllifi Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. “12 noyabr Konstitusiya günü”nə həsr olunmuş film nümayiş etdirilib.

Giriş nitqi ilə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Müstəqil Azərbaycanın ilk Konstitusiyasının yaradılması tarixinə nəzər salıb. Qeyd edib ki, 1995-ci ilin may ayında Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, hazırlanmış Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmiş, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamız müstəqil Azərbaycanda siyasi sistemin modernləşdirilməsinə yol açmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “1995-ci ildə Referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli lideri Heydər Əliyev olmuşdur”. Qeyd olunub ki, ötən müddət ərzində Konstitusiyamıza əlavə dəyişikliklər vacib olmuşdur. Cəmiyyət inkişaf etdikcə onun zamanla uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbata çevrilən yenilikləri özündə əks etdirməli, insan və vətəndaş hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmalıdır. Konstitusiyanın son islahatlarının təşəbbüsçüsü ölkə prezidenti cənab İlham Əliyev idi. Bu dəyişikliklər nəticə etibarı ilə dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə yeni modelə əsaslanan inzibati institutların formalaşmasına, sosial-iqtisadi inkişafın davamlılığına, insan hüquq və azadlıqlarının daha etibarlı təminatına mühüm töhvə olacaq. Konstitusiyamızın qəbulundan ötən dövr ərzində ölkəmizin inkişafı, hüquqi cəmiyyətin formalaşması, ərazi bütövlüyümüzün bərpa edilməsi, ölkə rəhbərinin bu sahədə apardığı uğurlu siyasət, zəfər tariximiz və bu zəfər sayəsində dövlət suverenliyimizin bərpası, eyni zamanda Azərbaycanın bütün sərhədləri daxilində Konstitusiyamızın bərqərar olması Ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi və ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir.

Konfransda Mingəçevir şəhər Məhkəməsinin sədri Nemət Paşayev “Azərbaycan Respublikası Konstitusiyasında konstitusion hakimiyyətlər bölgüsü prinsipi və onun dövlət idarəçiliyində hüquqi təminatları”, Mingəçevir şəhər Prokuroru, Baş Ədliyyə müşaviri Pərvin Quliyev “Ulu öndərin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyası vətəndaşların hüquq və azadlıqlarının qarantıdır”, Mingəçevir şəhər Vəkil bürosunun müdiri Kamil Yunusov “Azərbaycan Respublikası Konstitusiyasının müasir dövlətçiliyimizin təşəkkülündə rolu”, MDU-nin dossenti, tarix üzrə fəlsəfə doktoru Taleh Əliyev “Azərbaycan Respublikası Konstitusiyası müstəqil Azərbaycan tarixinin parlaq səhifəsidir”, Heydər Əliyev Mərkəzinin direktoru Mənsur Həsənov “Konstitusiyamızın bütün ölkə ərazisində bərqərar olması cənab İlham Əliyevin tarixi xidmətləridir” mövzularında məruzələrlə çıxış ediblər.

Keçidlər