Təhsil naziri Mingəçevirdə vətəndaşları qəbul edib
Fevralın 16-da Heydər Əliyev Mərkəzində təhsil naziri Mikayıl Cabbarov Mingəçevir şəhərindən, eləcə də Yevlax, Bərdə və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləyib. Vətəndaşların müraciətləri əsasən işlə təminat, diplomların tanınmasında yaranan problemlər, tələbələrin təhsil aldıqları ali məktəbdən digərinə keçirilməsi, xaricdə təhsil, yeni məktəblərin tikilməsi və ya əsaslı təmiri ilə bağlı olub. Vətəndaşları narahat edən bir sıra məsələlər yerindəcə həllini tapıb. Nazir vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verib, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.