1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2014-cü ilin yekunları ilə bağlı hesabatı
Yanvarın 22-də Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2014-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi. Yığıncaqda 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rizvan Mikayıllı çıxış etdi. O qeyd etdi ki, nümayəndəlik il ərzində mövcud problemlərin həlli naminə gücünü ortaya qoymuş və əsasən istəyini reallaşdırmışdır. İl ərzində ərazidə yaşayan əhalinin, müxtəlif təyinatlı obyektlərin siyahısını dəqiqləşdirən nümayəndəlik İcra Hakimiyyəti başçısının tapşırıq və göstərişlərini yerinə yetirməyə çalışmaqla öz səlahiyyətləri daxilində inzibati ərazidə yaşayan əhalinin sosial-məişət yönümlü problemlərinin həllini də öyrənib bir sıra təkliflər hazırlamışdır.
Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iclasda çıxış edərək Mingəçevirdə aparılan tikinti-abadlıq işlərinin davam etdiriləcəyini, yayda paytaxt Bakıda sərgilənəcək I Avropa Oyunlarının avarçəkmə yarışlarının şəhərimizdə keçiriləcəyini qürur hissiylə bildirmiş, nümayəndəliyin il ərzində gördüyü işləri müsbət qiymətləndimişdir.
Hesabat məruzəsinə çıxışları ilə münasibət bildirən Su-kanal İdarəsinin rəisi Mustafa Kərimov, Mingəçevir kənd icmasının sədri Ehtibar Əhmədov və başqaları Sahə İnzibati Ərazi nümayəndəliyinin illik fəaliyyətini müsbət dəyərləndirmişlər.