Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatında partiya fəalları ilə görüş keçirilib
Dekabrın 1-də YAP Mingəçevir şəhər təşkilatı bələdiyyə seçkilərində partiyanın namizədlərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində görüş keçirib. Görüşdə YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri, millət vəkilləri Elman Məmmədov, Bəxtiyar Sadıqov, Tahir Rzayev və YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, YAP Mingəçevir şəhər təşkilatının fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb: “Bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası da inkişaf prosesinə öz töhfələrini verməkdədir. Ona görə də, bələdiyyə seçkilərində bu siyasətdə özünəməxsus yeri olan YAP-ın namizədlərinə səs verməliyik”.
Daha sonra çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov ölkəmizin ötən 10 ildə keçdiyi inkişaf yolundan və əldə etdiyi nailiyyətlərdən danışıb. Millət vəkili qeyd edib ki, dövlət başçısının həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının nəticələrindən bu gün hər bir Azərbaycan vətəndaşı bəhrələnir. Millət vəkili Tahir Rzayev isə öz növbəsində YAP üzvlərinin bələdiyyələrin işində çox aktiv iştirak etdiyini qeyd edib. Onun fikrincə, partiya üzvlərinin bələdiyyələrdə təmsilçiliyinin çox olması yerli məsələlərin həllinə də öz təsirini göstərəcək.
Millət vəkili Elman Məmmədov da tədbirdə çıxış edərək Mingəçevir seçicilərini YAP-ın namizədlərinə səs verməyə çağırıb.