Şriftin ölçüsü :

Saytın rəngi :

11 noyabr 2023-cü il tarixdə Mingəçevir şəhər statusu almasının 75 illiyini qeyd etdi

11 noyabr 2023 | 17:58

Mingəçevirin şəhər statusu almasının 75 illiyi münasibəti ilə noyabr ayının 11-də sislsilə tədbirlər keçirilib. Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulması ilə başlanan tədbirdə iştirakçılar Şəhidlər Xiyabanını ziyarət edib şəhid məzarları üzərinə ehtiram əlaməti olaraq gül dəstələri düzüblər. Sonra şəhər rəhbərliyi və qonaqlar Mingəçevir Su Elektrik Stansiyasında olmuşlar. Stansiyanın giriş qapısı önündə Mingəçevir Dövlət Dram teatrı aktyorlarının ifasında Səməd Vurğunun “Muğan” poemasından parçalar nümayiş olunub. Stansiya ilə tanışlıq başlanıb. Stansoiyada nəhəng atreqatlarınişi idarəetmə mərkəzi diqqəti cəılb edib. Mingəçevir Su Elektrik Stansiyası MMC-nin direktoru Oqtay Pirverdiyev qonaqlara stansiyanın yaranma tarixi və bu günkü iş göstəriciləri ilə bağlı məlumat verib. Həmin gün qonaqlar Səməd Vurğun Meydanında hazırlanmış idman tədbirlərinə baxaraq idmançılarla söhbətlər aparıblar. Kür çayı sahilində şəhər məktəblərinin yubileyə həsr olunmuş sərgilərinin nümayişi marağa səbəb olub. Məhəmməd Fizuli parkı boyunca sənaye müəssisələrinin və ticarət obyektlərinin hazırladıqları məhsulların təqdimatı və hədiyyələri, yubiley tortunun kəsilməsi ilə davam edən tədbir Mingəçevir Dövlət Dram teatrının qarşısında keçirlən kitab sərgisi və konsertlə yekunlaşıb. Tədbirin rəsmi hissəsi Mingəçevir Dövlət Dram teatrında davam edib. Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın qorunması, azad olunması, yurdumuzun ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mingəçevir haqqında sənədli film nümayiş olunub. Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə keçirilən tədbirdə şəhər icra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, 1948-ci il noyabrın 11-də şəhər statusu almış, qədim yaşayış məskəni kimi tanınan, bu gün Azərbaycanın həm sənaye, həm də elmi, mədəni, turizm mərkəzlərindən biri kimi tanınan doğma Mingəçevirimizin 75 yaşı tamam olur. Bu əlamətdar gün münasibətilə bütün mingəçevirliləri ürəkdən təbrik edir və hamıya möhkəm can sağlığı, xoşbəxtlik, səadət dolu günlər arzulayıram. 1948-ci il noyabrın 11-də imzalanmış Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarına əsasən Mingəçevir qəsəbəsinə şəhər statusu verildi. Bu zərurət hidroqovşağın tikintisi ilə əlaqədar əhalinin artması, ictimai-mədəni və məişət xidməti obyektlərinin həcminin genişlənməsinə olan tələbatdan irəli gəlirdi. Lakin bildiyimiz kimi, Kürün sol sahilində, «Mingəçevir Bazarı» deyilən ərazisində torpaq bəndindən 1,5 km aralıda salınmış doğma Mingəçevirimizin tarixi çox qədim dövrlərə gedib çıxır. Şəhər statusu aldıqdan sonra 1948-68-ci illərdə Mingəçevirdə geniş tikinti, quruculuq, abadlıq işləri aparıldı. O dövrdə Mingəçevir Su Elektrik Stansiyası, Azərkabel, Yol maşınları, Şüşə-lifi, Maşınqayırma, İzolit zavodları, Toxuculuq kombinatı tikilməklə Mingəçevirin bir sənaye şəhərinə çevrilməsinin əsası qoyuldu. Ötən illər ərzində şəhərimiz çox böyük inkişaf yolu keçmiş, bu gün də bu proses davam etməkdədir. Ayrı-ayrı dövrlərdə şəhərin tikinti-quruculuq işlərində çoxlu sayda insanlar iştirak ediblər. Şəhərmizin ilk qurucularından Qafar Xəlilov, Nicat Muradov, İslam Həsənzadə, Məmməd Əliyev, Rüstəm Aslanov, Vitali Damanski, Andrey Zaqryacski və bir çoxlarının adlarını çəkmək olar. Onlar əməlləri ilə Mingəçevirə şan-şöhrət gətirmiş, onun yüksəlişində, inkişafında töhfələrini vermişlər. Mingəçevir qurucularının bir çoxu Mingəçevirin müasir inkişafının şahididir. Onların bir qismi isə bu gün sıralarımızda yoxdur, dünyasını dəyişmişlər. Dünyasını dəyişmişlərin xatirələrinə ehtiramımı bildirirəm. Peşəsindən və tutduğu vəzifəsindən asılı olmayaraq onların şəhərimizin quruculuğunda böyük xidmətləri olub və bu xidmət unudulmamalıdır. Mingəçevir şəhərinin tarixini yaradanlar arasında İslam İslamzadənin, Kamran Hüseynovun, Züleyxa Həsənovanın, Sosialist Əməyi Qəhrəmanları Sarvan Salmanovun, Bəhlul Bayramovun, Yaqub Rüstəmovun adlarını xüsusilə qeyd etmək istəyirəm. Və əlbəttə ayrı-ayrı dövrlərdə şəhərə rəhbərlik edərək bu işlərdə fəal iştirak edən rəhbərlərin adlarını da bu sıraya əlavə etmək düzgün olardı. Mingəçevirlilər həmişə dövlətə, dövlətçiliyə sədaqətli xidməti, yüksək ehtiramı ilə fərqlənmişlər. Bu sırada şübhəsiz keçmiş sovetlər dövründə Əfqanıstanda beynəlmiləl borclarını yerinə yetirən, Çernobl qəzasının fəsadlarının aradan qaldırılmasında iştirak edən və əlbəttə ki, müstəqilliyimizin, torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda mübarizə aparan fədakar insanlarımızın da yeri vardır. Torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdikləri xüsusi xidmətlərə, şəxsi igidlik və şücaətlərə görə 4 nəfər mingəçevirli Azərbaycanın ən ali mükafatı - Azərbaycan Milli Qəhrəmanı, 2 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş, 9 nəfər «Azərbaycan Bayrağı» ordeni, 2 nəfər 3-cü dərəcə Rəşadət ordeni, 19 nəfər 3-cü dərəcə Vətənə Xidmət ordeni ilə təltif olunmuş, ümumilikdə bu döyüşlərdə 387 gəncimiz şəhidlik zirvəsinə ucalmışdır. Bu fədakar gənclərin sırasında 280 Qarabağ müharibəsi əlilini, 2026 müharibə veteranının da xidmətlərini qeyd etmək istəyirəm. Onlar heç vaxt unudulmamalıdır. Şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin. Şəhər rəhbəri qeyd edib ki, Mingəçevirin uğurlarında Azərbaycan xalqının dahi oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndərimiz Heydər Əliyevin çox böyük xidmətləri olub. 1969-cu ildə Ulu öndər Azərbaycana siyasi rəhbərliyə gəldiyi dövrdə Mingəçevir kiçik bir qəsəbəni xatırladırdı. Məhz onun rəhbərliyi illərində şəhər sürətlə inkişaf edərək ölkənin ən iri sənaye və energetika mərkəzlərindən birinə çevrilmişdir. 1969-1982-cil illərdə Ulu öndərin Azərbaycanda ilk rəhbərliyi dövründə Mingəçevirdə Azərbaycan İstilik Elektrik stansiyası, Texniki-rezin məmulatları, Yol tikinti maşınları təmiri, Aqrar sənaye dəmir-beton məmulatları və Çörək zavodları, Poliqrafiya müəssisəsi, evtikmə kombinatları inşa olmuşdur. Bu illərdə şəhərdə 8130 şagird yerlik orta ümumtəhsil məktəbi, 2240 yerlik 8 məktəbəqədər uşaq müəssisəsi, 1848 çarpayılıq xəstəxana, Poliklinika, Şahmat məktəbi, Gənc texniklər stansiyası və digər obyektlər tikilmişdir. Həmin dövrdə Energetiklər qəsəbəsində 20 minə yaxın əhalinin məskunlaşması üçün çoxmərtəbəli yaşayış binaları, 3 ümumtəhsil məktəbi, Doğum evi, Poliklinika, Tibb məktəbi, Musiqi məktəbi, uşaq bağçaları və digər sosial obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir. Yaradılan sənaye potensialı nəticəsində Mingəçevir Respublikanın 4-cü sənaye şəhərinə çevrilmişdir. Fərəhlə qeyd edə bilərik ki, ümummilli liderimizin başladığı işlər bu gün də onun siyasi kursunun layiqli davamçısı cənab prezidentimiz İlham Əliyev tərəfindən çox böyük peşəkarlıq və uğurla davam etdirilir. Möhtərəm Przidentimiz cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə respublikanın bütün regionlarında çox böyük quruculuq, abadlıq işləri görülmüş, əhalinin maddi rifah halının yaxşılaşdırılması, sosial həyat şəraitinin yüksəldilməsi istiqamətində möhtəşəm tədbirlər həyata keçirilmişdir. O cümlədən, şəhərimizdə bu istiqamətdə çox böyük işlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı «Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram»larında nəzərdə tutulmuş müddəalar ölkəmizin hər yerində olduğu kimi Mingəçevirdə də müvəffəqiyyətlə həyata keçirilir. Bütün bunların nəticəsində şəhərimiz sürətlə inkişaf edərək günü-gündən öz gözəlliyini, füsunkarlığını artırmaqdadır. Şəhərimizdə iri istehsal müəssisələri, yeni mədəniyyət, ictimai və sosial obyektlər, park və istirahət mərkəzləri, məcburi köçkünlər üçün qəsəbələr, şəhid ailələri və Qarabağ əlilləri üçün yaşayış binaları, nümunəvi xidmət və ticarət obyektləri tikilib istifadəyə verilmişdir. Ötən müddət ərzində ölkə Prezidentinin diqqət və qayğısı sayəsində 11 məktəb, 4 uşaq bağçası əsaslı şəkildə təmir edilmiş, H.Əliyev Fondu tərəfindən 120 yerlik uşaq bağçası tikilib istifadəyə verilmişdir. Bundan əlavə, bir özəl uşaq bağçası tikilmişdir. 2020-ci ildə “Azərbaycan İES” yenidən qurulmuşdur. Şəhərimizdə Ulu öndərin möhtəşəm abidəsi ucaldılmış və ən yüksək standartlara uyğun əzəmətli Heydər Əliyev Mərkəzi, Gənclər evu tikilib istifadəyə verilmişdir. Şəhərin bütün küçələrində, Mingəçevir kəndi, Tərəvəzçilik sovxozu və Günəşli yaşayış massivində abadlaşdırma, yaşıllaşdırma işləri görülmüş, səliqə-sahman bərpa olunmuşdur, yüzlərlə binanın fasadları, dam örtüyü, ümumi istifadə yerləri tam müasir formada əsaslı surətdə təmir edilmişdir. Əhalinin istirahəti üçün 10-a yaxın park və istirahət mərkəzləri salınmış, «1941-1945» Abidə kompleksinə yeni görkəm verilmiş, Mingəçevir Dövlət Dram Teatrı, 1 №-li Musiqi məktəbi, Şahmat məktəbi, şəhər stadionu əsaslı təmir edilib şəhər sakinlərinin ixtiyarına verilmiş, H.Əliyev parkı, Heydər Əliyev prospekti boyu xiyabanlar və “Teatr” meydanı yenidən qurulmuşdur. Hal-hazırda şəhərin Su-kanalizasiya və istilik sisteminin Dövlət proqramına uyğun olaraq yenidən qurulması işləri davam etdirilir. Prezidentliyi dövründə səkkiz dəfə şəhərimizin qonağı olmuş cənab İlham Əliyev şəhərimizə gələrkən bir sıra müəssisələrin:- «Kür elektron avadanlıqları zavodu», «İnterenerci beton dayaqları», ,«İzolit» ASC-lərin ,«Kür» Olimpiya Tədris İdman Mərkəzinin, Şahmat məktəbinin, YAP şəhər təşkilatının inzibati binasının, H.Əliyev Mərkəzinin, Gənclər evinin, «Dövlət bayrağı» meydanının, «Günəşli» bağ massivinə çəkilən qaz xəttinin, Xaldan-Mingəçevir yolunun, Mingəçevir Sənaye Parkının, “Asan Həyat” kompleksinin, Su təmizləyici qurğunun, Mingəçevir Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin, Dövlət Rəmzləri Muzeyinin, Hərbi hissənin açılışını etmişdir. Cənab Prezidentin gəlişi ilə şəhərimizdə sosial-iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, abadlıq-quruculuq işləri vüsət almışdır. 20 il ərzində şəhərimizlə bağlı cənab Prezident 9 sərəncam imzalamış, 36 milyon manat vəsait ayırmışdır. Bütün bu ayrılmış vəsaitlər şəhərimnizin inkişaf etdirilməsinə xidmət etmişdir. Cənab Prezidentin rəhbərliyi dövründə Mingəçevir şəhəri daha da inkişaf etmişdir. Bu inkişaf ötən 5 ildə daha da artmışdır. Belə ki, bu illərdə 164 yaşayış binasının əsaslı və cari təmir işləri həyata keçirilib, binaların dam örtükləri dəyişdirilib, giriş dəhlizləri, fasad hissələri təmir edilib, pəncərə çərçivələri dəyişdirilib, seyf qapılar qoyulmuşdur. Bu ilin planında daha 56 binanın bu cür təmiri nəzərdə tutulub. Hündürmərtəbəli binalarda 48 liftdən 16-sı yenilənib, 15 nümunəvi məhəllə yaradılıb, bu il isə 5 məhəllədə işlər gedir. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə mərkəzi qurumların şirkətləri tərəfindən 240 küçəyə işıqlanma xətti çəkilmiş, Bağlar massivində 16 küçəyə işıqlanma nöqtəsi, şəhər ərazisində 1100 işıq nöqtəsi, Azərbaycan İES ərazisində 250 ədəd işıqlanma nöqtəsi qoyulmuş, məhəllələrə işıq xətləri çəkilmişdir. Dövlət Rəmzləri Muzeyi, 200 nəfərlik açıq səhnə tikilib istifadəyə verilmişdir. Şəhərin girişində H.Əliyev prospektinin sağ və sol hissəsində Zəfər gününün şərəfinə park salınmış, Nəsimi parkı istifadəyə verilmişdir. Şəhərin bütün parklarında və məhəllələrində yenidənqurma işləri aparılır. Zəfər parkının girişində şəhidlərimizin xatirəsinə abidə kompleksinin bünövrəsi qoyulub, orada şəhidlərimizin xatirə şəkilləri əks oluncaq. Uu öndərin 100 illiyi ilə əlaqədar ağacəkmə aksiyaları həyata keçirilmiş, bu işlər indi də davam etdirilir. Şəhərdə Azərbaycan İES ərazisində yeni Stansiyanın, Regenerat zavodu ərazisində yeni istehsal müəssisəsinin salınması, Mingəçevir Dövlət Universitetinin yeni Kampusunun tikintisinin başlanması, işsizliyin aradan qaldırılması üçün aparılan dövlət siyasəti, habelə ölkə Prezidentinin Mingəçevirə diqqət və qayğısıdır. Ölkə Prezidentinin Şəhid ailələrinə, Qarabağ əlillərinə göstərdiyi diqqət və qayğı günü-gündən artır. Bu il bu qəbildən olan insanların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 72 mənzilli binanın tikintisi yekunlaşmaq üzrədir. Şəhərin sağ sahilində uzun illər qəzalı vəziyyətdə olan 3 binanın sakinləri üçün yeni binanın tikintisi başa çatmışdır. Sadaladığımız bu işlər Ölkə Prezidentinin şəhərimizə göstərdiyi diqqət və qayğının nümunəsidir. Mingəçevir şəhərində olarkən cənab Prezident şəhərimizin inkişafına yüksək qiymət vermişdir: Cənab Prezidentin öz sözləri ilə desək, «Mingəçevir çox müasir, gözəl şəhərə çevrilibdir. Artıq Mingəçevir təkcə energetiklər şəhəri deyil, sənaye şəhəridir, mədəniyyət mərkəzidir… Şəhər təmamilə müasirləşib, gözəlləşib, böyük abadlıq-quruculuq işləri aparılır, xiyabanlar, parklar salınır, binalar təmir olunur». Şəhərimizin inkişafına verilən dəstəkdən danışarkən Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini xüsusilə qeyd etmək istərdim. Mehriban xanımın «Yeniləşən Azərbaycana yeni məktəb» proqramı çərçivəsində şəhərimizdə hər biri 300 yerlik 19, 20 №-li və 200 yerlik 5 №-li orta məktəblər, 1200 yerlik Texniki-Humanitar Lisey, 13 №-li tam orta məktəb tikilib şagirdlərin istifadəsinə verilmişdir. Bu dəstəyi mingəçevirlilər daima hiss edirlər. Bu diqqət və qayğıya görə hamımızın adından Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Əziz mingəçevirlilər! Bu gün 75 yaşlı Mingəçevir şəhəri cənab Prezidentin regionların inkişafına göstərdiyi qayğı, apardığı düzgün daxili və xarici siyasət nəticəsində öz növbəti inkişaf dövrünü yaşayır. Əldə edilən bu uğurların qazanılmasında şəhər sakinlərinin böyük zəhməti vardır. Ölkə rəhbəri tərəfindən bizim işimizə yüksək qiymət verilir, şəhərimiz haqqında yüksək fikirlər söylənilir. Şəhərimizin daha da inkişaf etdirilməsinə, burada Sənaye və Texno parkların açılmasına göstəriş verən cənab İlham Əliyev şəhərimizin gələcəkdə ən iri sənaye şəhərlərindən birinə çevrilməsi üçün öz köməkliyini əsirgəmir. Bütün bu diqqət və qayğıya, şəhərimizdə aparılan işlərə verdiyi yüksək qiymətə görə ölkə rəhbəri cənab İlham Əliyevə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirirəm. Biz bundan sonra da şəhərimizi cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Respublikanın inkişaf etmiş iri sənaye, elm və turizm mərkəzinə, daha da abadlaşan, gözəlləşən şəhərinə çevirməyə çalışacağıq. Doğma şəhərimizin 75 illik yubileyi münasibətilə bir daha bütün mingəçevirliləri, Mingəçevirlə bağlı olan, onu sevən bütün insanları ürəkdən təbrik edir və hər birinizə cansağlığı, xoşbəxtlik, ailə səadəti, şəhərimizə ölkə başçısının daimi və yüksək diqqəti sayəsində yeni-yeni uğurlar arzulayıram. Bayramınız mübarək! Yaşasın Müstəqil Azərbaycan Respublikası və onu günü-gündən inkişafa aparan, bütün dünyada tanıdan Azərbaycan Prezidenti cənab İlham Əliyev! Tədbirdə təbrik çıxışları dinlənilib. Millət vəkili Aydın Mirzəzadənin, Qazaxıtsanın Uralsk şəhərinin nümayəndəsi Altay Esmaquluyeviçin, Türkiyə Respublikasının Gəncə şəhərindəki konsulu Receb Öztopun, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun çıxışları və şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova verdikləri hədiyyələrdən sonra digər çıxışlar dinlənilib. Adil Kərimov, Hacıxəlil Ənsərov, Adil İsmayılov, Vaqif Həsənov, Əlağa Bəndəliyev, Mayıl İsmayılov, Ağagül Əliyev təbriklərini və xatirələrini çatdırıblar. Sonra şəhərin inkişafında xidmətləri olan bir qrup şəhər sakininə şəhər İcra Hakimiyyəti başçısı tərəfindən Mingəçevir şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub. Axşam saatlarında Heydər Əliyev Meydanında bayram konserti və atəşfəşanlıq olub.

Keçidlər