Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü oldu
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü 7 nömrəli tam orta məktəbdə oldu. Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşlarının, idarə və müəssisələrin rəhbərlərinin, İsmət Qayıbov, Həzi Aslanov, Dilarə Əliyeva küçələrindən, həmçinin energetiklər və sağ sahil yaşayış massivlərindən gələn sakinlərinin, media nümayəndələrinin iştirak etdiyi görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirdi ki, ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən sakinlərlə keçirilən bu cür səyyar görüşlərin əsas məqsədi sizləri narahat edən problemlərin öyrənilməsi və həllinə nail olmaqdır. Bildiyiniz kimi, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın dünyada nüfuzunu artırıb. Prezidentimizin imzaladığı regionların sosial iqtisadi inkişafı Dövlət Proqramları ilə əlaqədar Fərmanları ölkəmizin hər yerində uğurla həyata keçirilir. Qeyd olundu ki, gözəlliyi və təmizliyi ilə seçilən Mingəçevirdə ardıcıl olaraq reallaşan abadlıq quruculuq işləri şəhərin görkəminə əlavələr edib. Yeni parklar salınıb, məhəllələr abadlaşıb, şose yolları asfaltlanıb, çoxmənzilli yaşayış binalarının dam örtükləri əsaslı təmir olunub, yaşıllıq zolaqları genişləındirilib, işıqlanma sistemi müasirləşdirilib, su xətləri çəkilib.
Vətəndaşların həyat tərzinin yaxşılaşdırılması məqsədi ilə pensiya və sosial müavinətlərin, minimum əmək haqqının artırılmasından danışan şəhər rəhbəri 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində müzəffər ordumuzun şanlı qələbəsindən danışdı. Ikinci Qarabağ müharibəsində fədakarlıq göstərən şəhid ailələrinə, qazilərə, veteranlara göstərilən dövlət qayğısından söz açıldı. Azad olunan ərazilərdə quruculuq işlərinin günbəgün sürətləndiyi qeyd olundu.
Görüşdə çıxış edən sakinlər, Akiv Mirabov, Durna Rüstəmova, Ruslan Əsgərov, Azər Hüseynov, Cəfər Səfərov, Nazim Məmmədov, Xanımnaz İbadova mövcud problemlərdən danışdılar. İstilik sisteminin olmamasının qış aylarında böyük çətinliklər yaratması, yaşayış binalarının ümumi istifadə sahələrinin əsaslı təmirinin vacibliyi, binaların zirzəmilərindən gələn üfunət qoxusunun və kanalizasiya sisteminin yaxşı işləməməsinin antisanitar hal yaratması, xeyir şər mağarının təmiri, qurumuş ağacların insan həyatı üçün təhlükə yaratması, işsizlik barədə olan fikirlər, təkliflər dilə gətirildi.
Qaldırılan məsələlərlə bağlı aidiyyəti idarə və təşkilatların rəhbərlərinə tapşırıqlar verildi. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşə yekin vuraraq bildirdi ki, şəhər İcra Hakimiyyətinin tədbirlər planına əsasən şəhərimizin küçə və məhəllələrində quruculuq işlərinin sahəsi genişlənəcək, bir çox binaların blokları əsaslı təmir olunacaq, parklarda, küçələrdə yeni növ ağac tingləri və gül kolları əkiləcək, kanalizasiya sisteminin yenilənməsi şəhər sakinlərini narahat edən problemin qarşısını alacaq.